AZ

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Azərbaycanda ali təhsil müəssisələrində süni intellektin tədris və imtahan proseslərində istifadə səviyyəsi universitetdən-universitetə ciddi şəkildə fərqlənir. Bu fərqlərin əsas səbəbləri infrastruktur, texnoloji hazırlıq, maliyyə imkanları, müəllimlərin bilik və bacarıqları, eləcə də rəhbərliyin bu sahəyə münasibətidir. Bəzi universitetlər müasir kompüter laboratoriyalarına, yüksək sürətli internetə və bulud əsaslı platformalara malikdir, digərlərində isə bu imkanlar məhduddur. Süni intellekt alətlərinin lisenziyaları və server xərcləri də bir çox ali məktəblər üçün əlavə maliyyə yükü yaradır".Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. Onun sözlərinə görə, digər vacib amil akademik heyətin hazırlığıdır:"Süni intellektin dərslərə və qiymətləndirmə sistemlərinə inteqrasiyası müəllimlərin bu texnologiyanı bilməsini və ondan düzgün istifadə etməsini tələb edir. Bəzi universitetlərdə müəllimlər üçün bu sahədə təlimlər keçirilir, digərlərində isə belə imkanlar yoxdur. Eyni zamanda, tədris proqramlarının yenilənməsi də önəmlidir. Süni intellektlə bağlı modulların proqramlara daxil edilməsi texnoloji keçidi asanlaşdırır, əks halda isə mövcud proqramların yenidən işlənməsi əlavə vaxt və xərc tələb edir".Ekspert bildirib ki, bu sahədə irəliləyiş üçün milli səviyyədə vahid strategiya formalaşdırılmalıdır:"Elm və Təhsil Nazirliyi ali təhsildə süni intellektin tətbiqi üçün ümumi standartlar və çərçivə müəyyən etməlidir. Kiçik və resursları məhdud universitetlər üçün texniki və maliyyə dəstəyi proqramları yaradılmalı, müəllimlər üçün mütəmadi təlimlər, seminarlar və sertifikasiya proqramları təşkil olunmalıdır. Universitetlərin daxilində isə süni intellekt üzrə işçi qruplar yaradılmalı, pilot layihələr tətbiq edilməli və uğurlu təcrübələr paylaşılmalıdır".O qeyd edib ki, süni intellekt tədrisdə bir sıra müsbət imkanlar yaradır:"Testlərin yoxlanması və qiymətləndirilməsi kimi rutin işlərin avtomatlaşdırılması müəllimlərə daha yaradıcı və analitik fəaliyyətə vaxt ayırmağa imkan verir. Tələbələr üçün isə fərdi öyrənmə planları, adaptiv dərslər, vizuallaşdırma və real vaxt geribildirimi kimi imkanlar genişlənir. Lakin risklər də mövcuddur, köçürmə, hazır cavab axtarışı və tənqidi düşünmənin zəifləməsi kimi problemlər yarana bilər. Buna görə süni intellekt müəllimi əvəz edən yox, onun işini asanlaşdıran bir vasitə kimi görülməlidir".Ekspert deyib ki, bu baxımdan akademik etika xüsusi əhəmiyyət daşıyır:"Universitetlər süni intellektdən istifadə ilə bağlı dəqiq qaydalar və siyasətlər formalaşdırmalı, hansı hallarda istifadəyə icazə verildiyi, hansı hallarda qadağan olduğu aydın göstərilməlidir. Akademik dürüstlük pozuntuları üçün sanksiyalar müəyyən edilməli və nəzarət mexanizmləri gücləndirilməlidir. Dövlət və universitetlər arasında əməkdaşlıq artırılmalı, resurslar ədalətli bölüşdürülməlidir ki, regionlarda yerləşən ali məktəblər də bu texnoloji keçiddən kənarda qalmasın".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr