AZ

“Köndələnçay” su anbarları vasitəsi ilə 6 min hektardan çox əkin sahəsinin suvarılması mümkündür

Füzuli, 14 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan dövləti ölkənin su təhlükəsizliyinin təmin edilməsi və strateji su ehtiyatlarının idarə olunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki zəngin su mənbələrindən səmərəli istifadə məqsədilə “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” kimi su anbarları yenidən qurulur, müasir hidrotexniki qurğular inşa edilir. Respublikanın digər bölgələrində də su itkilərinin qarşısını almaq üçün magistral kanalların beton üzlüklərə alınması və yeni su anbarlarının tikintisi prosesi sürətləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan bu tədbirlər həm aqrar sahənin dayanıqlı su təminatına, həm də iqlim dəyişikliyi fonunda əhalinin içməli su ehtiyatlarının qorunmasına xidmət edir. Azad olunmuş torpaqların “yaşıl enerji” zonasına çevrilməsi çərçivəsində bu su anbarları həm də bərpaolunan enerji istehsalı üçün mühüm təməl rolunu oynayır.

Füzuli rayonu ərazisində Köndələnçay çayı üzərində kaskad üsulu ilə tiikilən “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarları mövcuddur. Bunlar 1951-1982-ci illərdə istismara verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Atakişi Babayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, “Köndələnçay” su anbarları, ümumilikdə, 15,5 milyon kubmetr su tutumuna malikdir. Bu anbarlar əsasən Köndələnçay çayından qidalanır. Onlardan ən böyüyü isə “Aşağı Köndələnçay” su anbarıdır ki, onun da su tutumu 9,5 milyon kubmetrdir.

“30 illik işğal dövründə bu su anbarlarının hidrotexniki qurğuları və su buraxıcıları, qəza su tullayıcıları, eyni zamanda, nasos stansiyası, hidroqovşaq tamamilə istismara yararsız vəziyyətə salınıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərdə minatəmizləmə işləri görüldü, bərpa və yenidənqurma işlərinə start verildi. 2024-ci ilin may ayında işlər tamam başa çatdıqdan sonra Prezident İlham Əliyevin iştirakı ilə bu obyektlərin açılışı oldu. Bu su anbarları vasitəsi ilə işğaldan azad olunan ərazilərdə 6300 hektar əkin sahəsinin suvarılması mümkündür. Hazırda “Aşağı Köndələnçay” su anbarı vasitəsi ilə Köndələnçay boyu olan kəndlərdə 1000 hektardan çox sahənin suvarılması işləri görülür" - deyə o bildirib.

Qeyd edək ki, “Aşağı Köndələnçay” su anbarı Zəfər yolunun kənarında yerləşir və anbarın yola tərəf sahilində istirahət sahəsi yaradılıb, oturacaqlar, söhbətgah quraşdılılıb. Burada yaşıllıq zolağı salınıb ki, bu da həmin ərazidən keçən şəxslərin su anbarını izləməsinə və ərazidə dincəlməsinə imkan verir.

Beləliklə, qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı təhlükəsi fonunda “Köndələnçay” kimi strateji obyektlərin bərpası Azərbaycanın milli su təhlükəsizliyi üçün mühüm zəmanətdir. Müasir texnologiyalarla təchiz edilmiş bu infrastruktur itkilərin minimuma endirilməsinə və quraqlıq dövrlərində su ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır. Beləliklə, azad edilmiş torpaqlarda həyata keçirilən bu layihələr regionun ekoloji dayanıqlığını təmin etməklə yanaşı, iqlim risklərinə qarşı ölkəmizin dayanıqlı inkişaf modelinin əsas sütununa çevrilir.

Seçilən
22
1
azertag.az

2Mənbələr