Paris, 14 yanvar, AZƏRTAC
Fransada 2026-cı il dövlət büdcəsi ətrafında müzakirələr Milli Assambleyada getdikcə daha gərgin məcraya yönəlir. Hökumət, xüsusilə sosialistlərlə kompromis axtarışlarını davam etdirdiyini bildirsə də, parlamentin dəhlizlərində əsəbilik və narazılıq açıq şəkildə hiss olunur. Prezident Emmanuel Makronun tərəfdarları və sağçılardan olan bir çox deputat müzakirələrin mümkün qədər tez başa çatdırılmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, deputatlar bu məsələyə nə qədər tez son qoyulsa, o qədər yaxşı olacağını bildirirlər.
Yanvarın 13-də hökumət deputatlara dövlət büdcəsi ilə bağlı kompromis əldə etmək üçün son çağırışı edib. Layihə yenidən Milli Assambleyaya qaytarılıb, lakin hələ də nəzərə çarpacaq çoxluq görünmür və konstitusiyanın 49.3-cü maddəsinə müraciət ehtimalı getdikcə qaçılmaz hesab olunur. Bu vəziyyət Baş nazir Sebastyən Lökornü üçün ciddi siyasi sınaqdır. O, yenidən hökumətin etimadsızlıq səsverməsi ilə devrilmə təhlükəsi ilə üz-üzədir, üstəlik kənd təsərrüfatı böhranı fonunda mövqeyi daha da zəifləyib. Məhz buna görə də 2026-cı il büdcəsinin taleyi onun siyasi etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır.
İqtisadiyyat naziri Rolan Lekür yeni oxunuşun açılışında deputatlara müraciət edərək bildirib: “Büdcə artıq əlimizin altındadır. Təcili olaraq məzmun üzrə razılığa gəlmək lazımdır. Son bir səylə bu mümkün ola bilər.”
Buna baxmayaraq, assambleyanın dəhlizlərində bir çox deputat açıq şəkildə debatların qısaldılmasını və 49.3 maddəsinin işə salınmasını istəyir. Mərkəzçi blokdakı deputatların böyük əksəriyyəti hesab edir ki, büdcənin heç bir versiyası üçün səsvermədə çoxluq əldə olunmayacaq. Buna görə də hökumətin alternativ mexanizmə əl atması qaçılmaz görünür. Bəzi deputatlar cümə axşamından etibarən 49.3 tətbiq oluna biləcəyi ehtimalını eşitdiriblər.
Konstitutsiyanın 49.3 maddəsi hökumətə büdcəni səsverməsiz qəbul etdirməyə imkan verir, lakin bunun qarşılığında deputatların çoxluğu hökumətə etimadsızlıq göstərərsə, kabinet devrilə bilər. Sebastyən Lökornü əvvəllər bu alətdən imtina edəcəyinə söz versə də, bəzi deputatlar, “Bu vəd 2025-ci ilə aid idi. O vaxtdan bəri yüzlərlə saat müzakirə aparılıb” - deyə 49.3 maddəsinə müraciətə səsləyirlər.
Deputatların və nazirlərin dilə gətirdiyi digər bir ehtimal isə büdcənin heç bir səsvermə olmadan, fərmanlar yolu ilə qəbul edilməsidir. Büdcə ilə bağlı sualı cavablandıran Fransanın dövlət hesabları və fəaliyyəti naziri Ameli de Monşalen bildirib ki, o, heç bir variantı istisna etmir. Baş nazirin yaxın ətrafı isə yalnız bir mesajı təkrarlayır: “Müzakirələrin bataqlığa düşməsinə imkan vermək olmaz”.