AZ

Rusiya Cənubi Qafqazı hədəfə alır?-Reallıq Moskvaya nə deyir

Son dövrlər beynəlxalq münasibətlər sistemində müşahidə olunan gərginliklər və böyük güclərin təsir dairələrini yenidən müəyyənləşdirmək cəhdləri postsovet məkanında da ciddi müzakirələrə səbəb olub. Xüsusilə ABŞ-nin Latın Amerikasında daha sərt mövqe sərgiləməsi və Monro doktrinasına faktiki dönüşü bəzi Rusiya dairələrində yeni geosiyasi ambisiyaları gündəmə gətirib. Lakin reallıqlar göstərir ki, qlobal proseslərin mahiyyəti Rusiyanın təsir imkanlarını genişləndirməkdən daha çox, onun strateji mövqelərini zəiflətməyə yönəlib.

Bu kontekstdə Rusiyada müəyyən revanşist çevrələrin Cənubi Qafqaz və Mərkəzi Asiyada “xüsusi əməliyyatlar” ideyasını irəli sürməsi diqqət çəkir. Ancaq Ukrayna müharibəsinin gedişi, Rusiyanın hərbi, iqtisadi və diplomatik imkanları bu çağırışların nə dərəcədə real olduğunu ciddi sual altına alır.

Politoloq Əziz Əlibəyli mövzu ilə bağlı Editor.az-a açıqlamasında bildirib ki, Rusiya hələ də Ukrayna bataqlığından çıxa bilməyib və bu vəziyyətdə yeni hərbi avantüralar barədə danışmaq reallıqdan uzaqdır:

“Rusiya Amerika Birləşmiş Ştatları deyil. İlk növbədə Ukrayna bataqlığından özünü çıxarmalıdır. Hazırda hansısa prosesləri yönləndirməyə çalışsa da, bu daha çox revanşist dairələrin ritorikasıdır. Bəli, Rusiyada təsir imkanlarını qoruyan müəyyən qüvvələr var və bu çağırışlar da əsasən onların dili ilə səsləndirilir”.

Politoloqun sözlərinə görə, Moskvanın Cənubi Qafqazda və Mərkəzi Asiyada aktivləşmək cəhdləri əslində ABŞ-nin atdığı addımları əsaslandırmaq və təkrarlamaq cəhdidir:

“Məqsəd postsovet məkanında təsiri bərpa etmək, geosiyasi balansı geri qaytarmaqdır. Xüsusilə Ermənistan üzərində yenidən dominant mövqe əldə etmək, Gürcüstanın NATO-ya inteqrasiyasını əngəlləmək, Mərkəzi Asiyada isə Çinin ABŞ-yə qarşı alternativ güc kimi çıxış etməsinə imkan yaratmaq niyyəti var”.

Lakin Əziz Əlibəyli hesab edir ki, Rusiyanın mövcud durumu bu planların həyata keçirilməsinə imkan vermir:

“Rusiya dörd ilə yaxındır ki, Donbasın inzibati sərhədlərinə tam nəzarət edə bilmir. Kupyansk və Pokrovsk istiqamətlərində ciddi itkilər verib. Paralel olaraq Rusiya iqtisadiyyatı zəifləyib, müdafiə sənayesi Çin, İran və Şimali Koreyadan asılı vəziyyətə düşüb”.

Politoloq regiondakı proseslərin də Moskvanın əleyhinə inkişaf etdiyini vurğulayır:

“Qazaxıstan neytrallıq siyasətini seçib, Özbəkistan öz mövqelərini gücləndirir, Ermənistan Qərbə doğru istiqamətlənir. Qarşısında güclü Çin və ABŞ kimi rəqiblər var. Belə bir şəraitdə Rusiyanın yeni hərbi əməliyyatlara başlamaq imkanları ciddi sual doğurur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr