AZ

"Zirə"nin rəqibi olan Rumıniya klubunun baş məşqçisi - “Xəzər Lənkəran”ın heyətində çempion olduğum formamı otağımda hələ də saxlayıram"

"Zirə" Türkiyədə ilk yoxlama görüşünü “Çiksereda”ya(3:3) qarşı keçirdi. Rumıniya yüksək liqasında çıxış edən klubun baş məşqçisi Azərbaycan futbolu üçün tanış simadır. Belə ki, bu klubu 3 ildir vaxtı ilə “Xəzər Lənkəran”ın heyətində Azərbaycan çempionu və Azərbaycan kubokunun sahibi olmuş Robert İlyeş çalışdırır. Rumıniyalı Sportal.az saytına müsahibəsində həm “Zirə” ilə matç haqda danışdı, həm də “Xəzər Lənkəran”dakı dönəmini xatırladı.

- "Zirə" ilə yoxlama görüşü keçirdiniz. Matç sizin üçün necə alındı? 3:3 hesabından razı qaldınız?

- Bəli. Çünki daha güclü komandaya qarşı müdafiə təşkilatçılığımızı sınaqdan keçirə bildik. Yoxlama görüşü olsa da, nəticədən məmnunam.

- Azərbaycan klublarına qarşı oynamaq sizin üçün xüsusi önəm kəsb edir? Çünki legioner kimi yalnız Azərbaycanda oynamısınız...

- Azərbaycan komandaları mənim üçün xüsusidir. Çünki sizin mentalitetinizi çox bəyənirəm. Nə qədər döyüş ruhuna malik olduğunu bilirəm. Bunu “Xəzər Lənkəran”da oynadığım müddətdə görmüşdüm.

- “Zirə"nin baş məşqçisi Rəşad Sadıqovu xatırladınız? Onunla danışdınız, söhbətləşdiniz?

- Bəli, əlbəttə ki, Rəşad Sadıqovu xatırlayırdım. Onu görən kimi də tanıdım. Vaxtı ilə çox güclü oyunçu olan Azərbaycan futbolunun əfsanəsi ilə tanış olduğum üçün qürur duyuram. Rəşad Sadıqovu matçdan sonra da təbrik etdim. Çünki onun çox yaxşı komandası var və əminəm ki, onlar Azərbaycan Premyer Liqasında ilk üçlükdə yer alacaqlar. Mən həmişə çempionatınızı daim izləyirəm.

- Vaxtı ilə "Xəzər Lənkəran"ın formasını geyinmisiniz. Həmin anları, "Xəzər Lənkəran"a transferinizi necə xatırlayırsız?"Rapid"də(Buxarest) yaxşı illər keçirdikdən sonra "Xəzər Lənkəran"a keçmişdiniz....

- Əlbəttə, fəxr edirəm ki, Azərbaycanda Premyer Liqa çempionu oldum, Azərbaycan kubokuna sahib çıxdım. O dövrdən çox yaxşı xatirələrim var və həmişə xarici liqada oynadığım üçün qürur duymuşam. “Xəzər Lənkəran”ın artıq mövcud olmamasına çox təəssüf edirəm. Çox heyf...

- Maraqlıdır, nəyə görə uzun illər "Xəzər Lənkəran"da qalmadınız? 

- Ailəmə görə evə qayıtdım. Çünki iki azyaşlı qızım var idi və onlar üçün çox darıxırdım. Oradan çox gözəl xatirələrlə ayrılmışdım. Azərbaycanlı komanda yoldaşlarım tərəfindən çox hörmət gördüm, sevgi ilə qarşılaşmışdım. Keçmiş komanda yoldaşım Füzuli Məmmədovla hələ də əlaqə saxlayıram, danışırıq.

- Heç sizə Azərbaycan klublarından baş məşqçi təklif gəlib? 

- Xeyr, hələ ki heç bir təklif almamışam. Amma Premyer Liqanı və onun mentalitetini yaxşı bildiyim üçün Azərbaycanda işləməkdən məmnun olaram. Əminəm ki, Azərbaycandan təklif də gələcək. Çünki UEFA Pro lisenziyalı məşqçisiyəm.

- Azərbaycanda hegemon komanda hazırda "Qarabağ"dır. Bu barədə fikriniz necədir? Baş məşqçisi Qurban Qurbanovdur...

- Bəli, onlar artıq bir neçə ildir ki, Premyer Liqada dominantlıq edir və Avropada əla nəticələr göstərirlər. Qurban Qurbanov kimi çox yaxşı məşqçiyə sahib olduqları üçün şanslıdırlar.

- Bayaq dediyiniz kimi, “Xəzər Lənkəran" hazırda fəaliyyət göstərmir. Maraqlıdır, evinizdə "Xəzər Lənkəran" forması qalıb?

- Komandanın artıq mövcud olmadığına çox təəssüf edirəm. Əlbəttə ki, “Xəzər Lənkəran”ın heyətində çempion olduğum formamı otağımda hələ də saxlayıram.

- Hazırda Azərbaycanda cəmi 2 rumın futbolçu var - Kristian Kostin("Neftçi") və Andrey Tırkoveanu (“Şamaxı”). Onları izləyirsiz? Əvvəllər Azərbaycanda çoxlu rumınlar oynayırdı, indi belə deyil...

- Bəli, onları da izləyirəm. Kostin "Voluntari" və "Dinamo"da yaxşı futbol oynamışdı, amma görürəm ki, indi daha az oynayır. Məncə, Azərbaycan Premyer Liqası son illərdə çox inkişaf edib və indi çoxlu yüksək keyfiyyətli oyunçulara malikdir. İnanıram ki, çox oynamasan və fiziki duellərdə qalib gəlməsən, bu liqada uğur qazana bilməzsən. Bir çox rumın oyunçusu düzgün mentalitetə malik deyil və buna görə də xarici klublarda çıxış etməkdə çətinlik çəkirlər. 

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
8
2
sportal.az

3Mənbələr