BAKI, 14 yanvar. TELEQRAF
Xalq artisti Röya Ayxan Teleqraf İnformasiya Agentliyinin suallarını cavanlandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Röya xanım, yaxın günlərdə müğənni Elçin Cəfərovla duetinizi təqdim etdiniz. Növbəti duet ortağınız kim olacaq?
- Növbədə çox adam var, Əkbər Əliyev, qardaşım İsmayıl Nəcəfov, Aygün Kazımova və başqaları.
- Qardaşınız İsmayıl Nəcəfov da müğənnidir. Onunla eyni səhnəni bölüşmək necə hissdir?
- Qardaşımla sadəcə səhnəni yox, bütün həyatımı bölüşürəm. İsmayıl hazırda da yanımdadır. Onunla səhnədə olmaq mənim üçün çox doğmadır.
- İsmayıl Nəcəfov Türkiyədə yaşayır. Onunla birlikdə Türkiyə şou-biznesinə qatılmağı və orada konsert verməyi düşünürsünüzmü?
- Qardaşımla maraqlı və güclü mahnı olarsa, duet oxuya bilərik. Və o da olacaq, hazırda duet üzərində çalışırıq. Amma hazırda fəaliyyətim Azərbaycandadır. Türkiyədə hələ ki konsert planım yoxdur. Bir dəfə cəhd etdik, problemlər oldu. Təklif olarsa, dəyərləndirə bilərəm. Amma öz vəsaitimlə yox. Mən vəsaiti Azərbaycan üçün ayırıram.
- Oğlunuz Hüseyn Cəlilov dünyanın nüfuzlu universitetlərinə qəbul olub. Son seçimi hansı universitet olacaq?
- Böyük ehtimalla İngiltərəni seçəcəyik. O, Böyük Britaniyanın iki ali məktəbinə - Liverpul Universiteti və Esses Universitetinə qəbul edilib. Oğlumun daxil olduğu üçüncü ali təhsil müəssisəsi isə Dubayda yerləşən Vullonqonq Universitetidir.
- Oğlunuzun seçimlərinə müdaxilə edirsinizmi?
- Qətiyyən yox. Məktəbin sosial media hesablarında şəklini paylaşmışdılar. Açığı, mən bunu gizli saxlayırdım. Çünki oğlumun hansı universiteti seçəcəyini və hansı ölkədə oxuyacağını bilmirdim. Bu xəbəri yalnız Xalq artisti Aygün Kazımovaya demişdim. Bir ana kimi çox sevindim. Hüseyn mənə zəng edib soruşdu ki, ana, şəklimi paylaşmağa icazə verirsən? Dedim, bu, icazə məndə yox, səndədir. Əgər şəkil çəkdirmisənsə, deməli, paylaşmaq istəyirsən.
Sonra dedi ki, “İnstagram"da hekayə bölümündə paylaşa bilərsən? Cavab verdim ki, bunu əvvəlcədən demək lazım idi.
Bütün anaları təbrik edirəm. Mən tək deyiləm. Xüsusilə oğlan uşaqları anaları daha çox yorur. Amma hər şeyə baxmayaraq, oğluma təşəkkür edirəm ki, məni bu qədər sevindirdi.
- Gələcəkdə Hüseyn Cəlilovun Azərbaycanda, yoxsa xaricdə fəaliyyət göstərməsini istərdiniz?
- Çox istərdim ki, böyük bir şirkətdə çalışsın. Mən onu Azərbaycan üçün yetişdirirəm. Başqa ölkədə yaşamağını istəmirəm.
- İlk xoş xəbəri Xalq artisti Aygün Kazımova ilə paylaşmısınız. Hazırda onunla münasibətiniz necədir, tez-tez telefonla əlaqə saxlayırsınızmı?
- Demək olar ki, bir gündən bir telefonla danışırıq. Daha çox şəxsi həyatımızdan söhbət edirik. Aygün Kazımova mənə deyir ki, möhkəm ol, sən bunu edəcəksən, sən bacaracaqsan və bacarmısan, çox güclüsən!
- Aygün Kazımova ilə sənət baxımından bir araya gələcəksinizmi?
- Bəli, gələcəkdə mütləq. Amma bu, çox güclü bir iş olmalıdır. İstəmirəm ki, yazsınlar barışdılar, dost oldular. İstəyirəm sevgidən yazsınlar, iki qadının içindəki dəli və gülməli hadisələrdən bəhs eləsinlər.
- Keçmiş “W Trio” üzvləri ilə münasibətləriniz necədir?
- Hər ikisi ilə münasibətim çox yaxşıdır. Həm Elnarə Xəlilovanı, həm də Natavan Həbibini çox sevirəm. Hətta qardaşım İsmayıl Natavan Həbibi üçün mahnı yazıb.
- "Kapriz"li insansınız?
- Xeyr, "kapriz"li deyiləm. Buna "kapriz" yox, dəlilik deyək.
- Bu il Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcəksinizmi?
- Bəli, martın 27-də Bakı Konqres Mərkəzində solo konsert proqramı ilə çıxış edəcəm.