İran ərazisindən keçməklə Bakıdan Naxçıvana gələn avtobus sərnişinləri AYNA-dan şikayətçidilər.
Məlumatda deyilir ki, bu quruma tabe olan avtobuslar sərnişinləri soyuq havada yolda qoyub, yollarına davam edirlər. Buna səbəb isə, sərnişinlərin Culfa gömrüyünün həm İran, həm də Naxçıvan tərəfində saatlara davam edən yoxlanış prosesinə sürücülərin səbrsiz davranışıdır.
Sərnişinlər bildirirlər ki, avtobuslar onları İran tərəfində yoxlama zamanı tərk edirlər. “Yoxlama birdikdən sonra, avtobus olmadığından sərnişinlər Naxçıvan tərəfə çatmaq üçün uzun məsafəni piyada getməli olurlar. Daha sonra onlar avtobusdakı yüklərini arxasınca Naxçıvan şəhər avtovağzalına getmək üçün əlavə xərc çəkib, taksi tutmalı olurlar”.
Sərnişinlərdən Məhərrəm Quliyev deyir ki, avtovağzalda qarşılaşdıqları onu daha çox təəcübləndirib: “Bir neçə gün əvvəl avtobusla Bakıdan Naxçıvana gedirdim. İran Culfasında düşürüb, bizi yoxladılar. Yoxlamadan sonra baxdıq ki, avtobusumuz yoxdur. Düşündüm ki, keçib bizim tərəfdə bizi gözləyir. Naxçıvan tərəfə çatmaq üçün məcbur olub, piyada yeridik. Çatanda gördük ki, avtobus bizi gözləmədən baqajımıza da götürüb, aradan çıxıb. Şaxtalı havada qaldıq yolun ortasında. Gecə olduğundan, taksi tapmaq da çətin idi. Bir saatdan çox soyuqda gözlədikdən sonra taksilər gəldi. Hərəmizə 10 manat verib, taksi ilə Naxçıvan avtovağzalına gəldik. Avtovağzaldakı mənzərəni görəndə gözüm kəlləmə çıxdı. Avtobus sürücüsü bagajları yolun ortasına boşalıdb, çıxıb getmişdi. Hər şey bir-birinə qarışmışdı. Şaxtada əlavə bir saat da yüklərimizi axtarmışıq. Bir neçə sərnişinin baqajı yoxa çıxmışdı. Bu necə xidmətdi başa düşmədim”.
Sərnişinlər deyirlər ki, hər gün təkrarlanan problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: “Hər gün 3-4 reys gəlir və hər dəfəsində də istisnasız eyni problem yaşanır. Avtovağzal rəhbərliyinə şikayət edirik, deyirlər xoşunuza gəlmirsə, təyyarə ilə gəlin. AYNA-ya şikayət edirik, deyirlər ki, avtovağzala deyin. Ümid edirik ki, yuxarı orqanlar bu məsələni kökündən həll edəcəklər”.