BAKI, 14 yanvar. TELEQRAF
“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib.
Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir:
“Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin mahiyyətini dəyişmir. İstəyirəm ki, hamımızı buna görə təbrik edim. Dünən gördüm, deyirlər ki, benzin üçün “Yerablur”u unutdunuz, bunu unutdunuz, onu unutdunuz. Xeyr, belə deyil, çünki mən deyirəm ki, inkişaf etmiş, sabit, təhlükəsiz və beynəlxalq nüfuza malik Ermənistan müharibə zamanı həlak olan qardaşlarımıza ən böyük hörməti göstərir”.
Paşinyan əlavə edib ki, Azərbaycandan tədarük sayəsində Ermənistanda yanacaq monopoliyasına böyük ölçüdə son qoyulub:
“Hamımızın gözü qarşısında, benzin və dizel bazarında onilliklərlə mövcud olan monopoliyalar karton ev kimi dağıdılır. Ermənistanın istehlakçıları onilliklər boyu trilyonlarla dram artıq ödəyiblər, heç kim bu gün buna görə izahat və cavab vermək istəmir”.