525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Azərbaycanda süd istehsalının yetərli olmaması kərə yağının qiymətinin artmasına birbaşa təsir göstərir. Bu vəziyyətin qarşısını almaq və qiymət artımını azaltmaq üçün ölkədə süd istehsalının artırılması və yerli istehsala dəstək verilməsi vacibdir. Yalnız belə olan halda kərə yağı və digər süd məhsullarının qiymətinin stabil qalması təmin oluna bilər”.
Bunu 525.az-a iqtisadçı-ekspert Pərviz Heydərov söyləyib. Onun dediyinə görə, son illərdə mal-qara sayının azalması və yem bazasının zəifləməsi süd istehsalına mənfi təsir göstərir:
“Əvvəllər ət məhsulları ilə özünü yüksək səviyyədə təmin edən Azərbaycan, hazırda bu göstəricidə də ciddi geriləmə yaşayır. Bu, heyvandarlıq sektorunun əvvəlki gücünü itirdiyini göstərir. Pambıqçılığın inkişafı məqsədilə həyata keçirilən siyasət də heyvandarlığa zərbə vurub. Örüş sahələrinin azalması, torpaq qiymətlərinin artması və fərdi təsərrüfatların fəaliyyət göstərməsi üçün şəraitin çətinləşməsi süd istehsalını azaldan əsas amillərdəndir. Nəticədə həm ət, həm də süd məhsullarında idxaldan asılılıq artır, qiymətlər yüksəlir. Bu vəziyyətin dəyişməsi üçün heyvandarlığa dəstək verən sistemli və dayanıqlı islahatlara ehtiyac var”.
İqtisadçı Rauf Qarayevin fikrincə, yerli istehsalın azalmasının səbəbi hazırda ölkəmizdə heyvandarlığın səmərəli olmamasıdır:
“Kərə yağının əsas mənbəyi heyvandarlıqdır. Kərə yağının istehsalının azalması bizdə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir. Məsələn, heyvanların yemi azalıb. Bir tərəfdən torpaq sahələri zəbt olunub və örüş sahələri yoxdur. Ölkədə yem bazası qıtdır, heyvanların bəslənməsi üçün yem azdır. Xaricdən alınma isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür, nəticədə məcbur qalıb heyvan saxlamaqdan imtina edir. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik”.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.