
Son illərdə sosial media və bloq platformalarının geniş yayılması ilə informasiya sürətli şəkildə paylaşılır. Lakin bəzi bloqerlər mətnlərində orfoqrafiya və danışıqlarında orfoepiya qaydalarına yetərincə diqqət yetirmirlər. Bu, oxucuların mətni düzgün başa düşməsinə çətinlik yarada və dilimizin zənginliyinə təsir göstərə bilər. Bloqerlərin dil qaydalarına riayət etməsi həm etibarlılığı artırır, həm də ünsiyyətin səlisliyini təmin edir.
Mövzu ilə bağlı Missiya.Az-a danışan dilçi mütəxəssis Elşad Abışov bildirib ki, bloqerlik müstəqil bir fəaliyyət sahəsidir:
"Xüsusilə xaricdə yaşayan bəzi bloqerlər yalnız Azərbaycan dilinin deyil, həm də Azərbaycan mənəviyyatının pozulmasına səbəb olurlar. Söyüşdən istifadə edərək və laqeyd şəkildə danışmaq yalnız dilimizi deyil, eyni zamanda xalqın mənəvi dəyərlərini də zədələyir. Bu məsələ ilə bağlı konkret inzibati qaydaların tətbiqi zəruridir; yəni hüquq-mühafizə orqanları bu məsələyə diqqət yetirməlidir",- deyə o qeyd edib.
Mütəxəssisin sözlərinə görə, müəyyən qaydalar qəbul edilməlidir ki, bu problemlər aradan qaldırılsın:
"Digər tərəfdən, bir qrup bloqer var ki, onlar yalnız öz fəaliyyətlərini və yaradıcılıqlarını təbliğ etməklə məşğuldurlar və söyüşdən uzaq dururlar. Dilin qorunması təkcə bir mədəni məsələ deyil, həm də vətəndaşlıq borcudur".
Dilçi əlavə edib ki, istər bloqer, istər jurnalist, istərsə də adi vətəndaş olsun, hər kəs öz torpağına, vətəninə, millətinə və dilinə sevgi ilə yanaşmalıdır:
"Bunun uğrunda mübarizə aparmaq düşüncəsinə sahib olmalıdır. Əgər bu düşüncəyə malik olmasaq, heç bir inzibati tədbir dili, xalqı və torpağı qorumağa yetərli olmayacaq. Ona görə də hər bir vətəndaşın qarşısında duran ən vacib məsələ milli və mənəvi dəyərlərimizə sahib çıxmaq və onların qorunması uğrunda mübarizə aparmaqdır",- deyə Elşad Abışov əlavə edib.
Seyranə Quliyeva
Missiya.Az