AZ

Qlobal iqlim çağırışları fonunda Azərbaycanın su strategiyası: Bakı və Abşeron üçün uzunmüddətli inkişaf konsepsiyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkəmizin uzunmüddətli inkişaf strategiyasında mühüm və həlledici mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Dövlət başçısının müşavirədə səsləndirdiyi fundamental tezislər bir daha göstərdi ki, müasir dövrdə su təsərrüfatı yalnız kommunal xidmət sahəsi deyil, milli təhlükəsizlik, ekoloji sabitlik, sosial rifah və iqtisadi dayanıqlılıq məsələlərinin mərkəzində dayanan strateji sektordur.

İnfrastruktur islahatlarının ardıcıl məntiqi və əldə edilən nəticələr

Prezident İlham Əliyevin vurğuladığı kimi, son iyirmi ildən artıq dövrdə Azərbaycanda əsas infrastruktur məsələləri sistemli və mərhələli şəkildə həllini tapmışdır. Enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində bu gün ölkədə qazlaşma səviyyəsi 96 faizə çatmışdır. Elektrik enerjisi istehsal gücləri əhəmiyyətli dərəcədə artırılmış, Azərbaycan enerji ixrac edən və regional enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilmişdir.

Eyni zamanda, avtomobil yollarının inşası və yenidən qurulması sahəsində misilsiz irəliləyişlər əldə olunmuş, minlərlə kilometr magistral və yerli əhəmiyyətli yollar salınmış, ucqar yaşayış məntəqələrinin nəqliyyat əlçatanlığı təmin edilmişdir. Bu proses regionların sosial-iqtisadi inkişafına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə vermişdir.

Su ehtiyatlarının formalaşdırılması və strateji idarəetmə

Su təsərrüfatı sahəsində də məqsədyönlü dövlət siyasəti həyata keçirilmişdir. Son 20 il ərzində dörd iri su anbarının inşa olunması nəticəsində ölkənin ümumi su ehtiyatları 500 milyon kubmetrdən artıq artırılmışdır. Bu anbarlar həm içməli su təminatında, həm də kənd təsərrüfatının suvarma ehtiyaclarının ödənilməsində mühüm rol oynayır.

Prezident İlham Əliyev eyni zamanda Ermənistanın işğal dövründə transsərhəd su resurslarından alət kimi istifadə etməsini, məqsədli çirkləndirmə və məhdudlaşdırma siyasətini “su terroru” kimi qiymətləndirərək, su məsələsinin regional təhlükəsizlik baxımından strateji əhəmiyyətini xüsusi vurğulamışdır.

Qlobal iqlim dəyişiklikləri və su təhlükəsizliyi

Bu gün qlobal miqyasda iqlim dəyişiklikləri, yağıntıların qeyri-sabitliyi, quraqlıq risklərinin artması və şirin su ehtiyatlarının azalması dövlətləri yeni su idarəetmə modelləri axtarmağa vadar edir. Bu reallıqlar fonunda su resurslarının qorunması, alternativ mənbələrin formalaşdırılması və mövcud ehtiyatlardan səmərəli istifadə strateji vəzifəyə çevrilmişdir.

2026–2035-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramı məhz bu qlobal çağırışlara cavab verən, qabaqlayıcı və gələcəyə hesablanmış kompleks sənəd kimi çıxış edir.

Bakı və Abşeron üçün yeni su konsepsiyası

Dövlət Proqramı Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edir. Bu ərazilərdə əhalinin sıxlığı və iqtisadi aktivliyin yüksək olması su təminatında xüsusi yanaşma tələb edir. Proqram çərçivəsində regionun su təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə 30-a yaxın yeni su anbarının inşası nəzərdə tutulur.

Eyni zamanda, su itkilərinin azaldılması və səmərəli istehlakın təşviqi üçün sayğaclaşdırmanın 100 faizə çatdırılması əsas hədəflərdən biridir. Bu, həm şəffaf idarəetməni təmin edəcək, həm də əhali arasında qənaət mədəniyyətinin formalaşmasına xidmət edəcəkdir.

Yağış və tullantı sularının idarə olunması

Proqramın əsas prioritetlərindən biri də yağış və tullantı sularının effektiv idarə olunmasıdır. Bakı şəhərində yağış sularının yaratdığı problemlərin aradan qaldırılması məqsədilə 30 əsas küçədə yeni kollektor şəbəkələrinin qurulması planlaşdırılır. Bu layihələr daşqın risklərini minimuma endirməklə şəhər infrastrukturunun dayanıqlığını artıracaqdır.

Bununla yanaşı, tullantı sularının tam təmizlənərək dənizə buraxılması ekoloji təhlükəsizliyin təmin edilməsi və Xəzər dənizinin qorunması baxımından fundamental əhəmiyyət daşıyır.

Alternativ su mənbələri və texnoloji yanaşma

Prezident İlham Əliyevin səsləndirdiyi mühüm təşəbbüslərdən biri də duzsuzlaşdırma zavodunun inşası ilə bağlıdır. Bu layihə xüsusilə Abşeron yarımadası üçün alternativ və dayanıqlı su mənbəyi rolunu oynayacaq, müasir texnologiyalar hesabına su təhlükəsizliyinin uzunmüddətli təminatına xidmət edəcəkdir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə və hazırlanmış Dövlət Proqramı Azərbaycanın su təsərrüfatı sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu sənəd yalnız texniki tədbirlər toplusu deyil, dövlətin strateji baxışını, ekoloji məsuliyyətini və sosial yönümlü siyasətini əks etdirən kompleks yol xəritəsidir.

Həyata keçiriləcək tədbirlər Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğunlaşdırılmasını, əhalinin həyat keyfiyyətinin yüksəldilməsini və ölkənin dayanıqlı inkişaf məqsədlərinə çatmasını təmin edəcəkdir. Bu yanaşma bir daha sübut edir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili və gələcək nəsillərin maraqları dayanır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Seçilən
40
ikisahil.az

1Mənbələr