14 yanvar 2026-cı il tarixində Qırğızıstan Respublikasının nümayəndə heyəti Azərbaycan mediasiya praktikası ilə tanış olmaq məqsədilə Bakı 9 saylı mediasiya təşkilatında olub. Nümayəndə heyətinə Qırğızıstan Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sıdıkov başçılıq edir. Qonaqları 9 Saylı Mediasiya Təşkilatının direktoru Leyla Nəsibova qarşılayıb.
Newscenter.az xəbər verir ki, görüş zamanı iki ölkənin mediasiya institutunun fəaliyyət prinsipləri, hüquqi mübahisələrin alternativ həll mexanizmləri və bu sahədə institusional təcrübələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qırğızıstan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı ölkələrində mediasiya institutunun inkişaf mərhələləri, qanunvericilik bazası, praktiki tətbiq zamanı qarşıya çıxan çətinliklər və dövlət qurumları ilə əməkdaşlıq mexanizmləri barədə məlumat verib.
Bakı 9 saylı mediasiya təşkilatının direktoru Leyla Nəsibova isə mediasiya təşkilatının fəaliyyəti, mediatorların hazırlanması prosesi, mediasiya proseslərinin aparılması qaydası, mediasiya sahəsində sənədlər və qanunvericiliyin tələbləri barədə ətraflı məlumat təqdim edib. O, mediasiya mexanizminin məhkəmələrin yükünün azaldılmasında və mübahisələrin daha səmərəli həllində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Nümayəndə heyətinin tərkibində Türk Dünyası Arabulucular Birliği'nin İdarə Heyətinin sədri Yakup Erikel, Bakıda fəaliyyət göstərən Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu, Qırğızıstan Respublikasının Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının sədri və Milli Mediasiya Mərkəzinin direktoru Gulsina Kojoyarova, Milli Mediasiya Mərkəzinin Oş vilayət filialının direktoru və Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının üzvü Avazbek Şamşiyev, Milli Mediasiya Mərkəzinin Cəlal-Abad vilayət filialının direktoru və Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının üzvü Zarina Koşaliyeva, Milli Mediasiya Mərkəzinin Batken vilayət filialının direktoru və Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının üzvü Kumara İmamova, Milli Mediasiya Mərkəzinin Çüy vilayət filialının direktoru Baytemir Nayzabekov, “Mediasiya və Hüquq Mərkəzi” İctimai Birliyinin rəhbəri və vəkil Gulmira Seitkazieva, Qırğızıstan Milli Universiteti nəzdində Kadrların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutunun “Psixologiya” istiqamətinin rəhbəri və Milli Mediasiya Mərkəzinin mediatoru Nurayım İslamova, “Aksakallar məhkəmələri”nin sədri və mediator Şamil Usubaliyev, Bişkek Şəhər Məhkəməsinin mediasiya kabinetinin koordinatoru və mediator Anara Abdrazakova, Ailə Mediatorları Assosiasiyasının nümayəndəsi, Bişkek Şəhər Məhkəməsinin mediatoru və “Sezim” böhran mərkəzinin mediatoru Botagoz Xalelova, Narin vilayəti üzrə mediator-koordinator Gulnura Arakeeva, Milli Mediasiya Mərkəzinin PR meneceri və mediator Ainura Baratova iştirak edir.
Qeyd olunmalıdır ki, səfərin təşkili Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının mediasiya təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanladığı məktub əsasında həyata keçirilir. Eyni zamanda səfər çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumları, mediasiya təşkilatları və mediatorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
Səfərin təşkili ilə bağlı məsələlərdə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları, Türk Dünyası Mediatorlar Birliyi, Mediasiya Şurası, həmçinin Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Qırğızıstan Respublikasının ticarət təmsilçiliyinin də təmsil olunduğu Bakı Türk Ticarət Mərkəzi tərəfindən yaxından dəstək göstərilir.
Süleyman