Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycanda 28 Aprel çevrilişindən sonra sovet hakimiyyəti tərəfindən ardıcıl şəkildə ruslaşdırma siyasəti həyata keçirilirdi. Xüsusilə Bakı şəhərində rusdilli məktəblərin sayının artması, əhalinin Moskvadan gətirilən rusdilli qəzet və jurnallara məcburi abunə edilməsi, bütün iş yerlərində sənədlərin işğalçı millətin dilində tərtib olunması, ərizələrin həmin dildə yazılması, iclasların yalnız rus dilində keçirilməsi, afişa və elanların imperiya dilində vurulması ruslaşdırma prosesini daha da gücləndirirdi. Bu siyasət nəticəsində xalqın milli-mənəvi dəyərləri, adət-ənənələri sistemli şəkildə sıxışdırılır, milli kimlik zədələnirdi.
Sosializm ideologiyasının tələbləri əsasında aparılan bu proses Azərbaycan xalqının gerçək tarixini, soy-kökünün kimliyini unutmaq həddinə gətirib çıxarır, sovet idarəçiliyinin sərt şərtləri altında milli mənlik zaman-zaman itirilmək təhlükəsi ilə üz-üzə qalırdı.
1969-cu ildə Azərbaycan dövlətinə rəhbərliyə gələn Heydər Əliyev xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini və milli kimliyini bərpa etmək üçün prinsipial addımlar atdı. Sosialist ideologiyasının sərt çərçivələri daxilində yüksək intellekti, dərin zəkası və fitri istedadı sayəsində xalqın saxtalaşdırılan tarixini yenidən araşdırdı, onun ən mühüm səhifələrini üzə çıxarmağa nail oldu və ana dilinə dövlət statusu verilməsi uğrunda ardıcıl mübarizəyə başladı.
Nəhayət, 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Konstitusiya layihəsinin 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası daxil edildi və bu müddəa Konstitusiyada öz əksini tapdı. Bununla da, Azərbaycan dili rəsmi şəkildə dövlət dili statusu aldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd bildirib.
Onun sözlərinə görə, bu hadisə Azərbaycan xalqının milli mənliyinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin və milli təfəkkürünün parlaq ifadəsi idi. Çünki dil xalqın kimliyini müəyyən edən əsas amildir və öz dilini mükəmməl bilməyən insan xalqın milli düşüncə sistemindən də uzaq düşür.
Professor qeyd edib ki, Heydər Əliyevin bu qətiyyətli addımı Azərbaycan xalqını başqa dillərin təsiri altına düşməkdən, öz milli-mənəvi dəyərlərindən uzaqlaşmaqdan xilas etdi. Bunun nəticəsində ölkədə ana dilindən istifadənin miqyası genişləndi: sənədlər Azərbaycan dilində tərtib olunmağa başladı, iclaslar doğma dildə keçirildi, afişa və elanlar ana dilində hazırlandı, televiziya və radio verilişləri Azərbaycan dilində yayımlandı. Milyon tirajlarla kitablar nəşr edildi, dərsliklər hazırlandı, dünya və klassik ədəbiyyat nümunələri Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edildi.
“Lakin yerli-yersiz doğma dilimizə daxil olan yad sözlərin işlədilməsi də dilimizin saflığında müəyyən problemlər yaradırdı ki, bu da öz növbəsində Heydər Əliyevin ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyevi narahat edən məsələlərdən biri idi. Dilimizin saflığına, bakirliyinə, təmizliyinə daim xüsusi əhəmiyyət verən Prezident 3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyindəki tarixi çıxışında bu mövqeni dəqiq şəkildə ifadə edərək bildirdi ki, beynəlxalq leksikonun mövcudluğu danılmaz faktdır və bütün xalqlar bu leksikondan istifadə edirlər. Lakin Azərbaycan dilində əzəli və adekvat qarşılığı olan sözlərin başqa dillərdən alınan sözlərlə əvəzlənməsi nə elmi, nə də funksional baxımdan əsaslandırıla bilər. Bu cür yanaşma ya dilçilik baxımından yanlış, ya da məqsədli şəkildə aparılan destruktiv müdaxilə kimi dəyərləndirilə bilər”, - deyə o qeyd edib.
Professor bildirib ki, Prezident Azərbaycan dilinin saflığını, təmizliyini qorumaqdan ötrü islahatlar aparmağın zəruriliyini önə çəkdi, bu işlə məşğul olmağın xalq qarşısında müqəddəs bir vəzifə olduğunu xüsusi vurğuladı. Çünki dil milli birliyi təmin edən əsas amil kimi dəyərləndirilir. Azərbaycan dili bayraq, gerb və himn kimi dövlət atributları ilə bir sırada dayanır. Tarixboyu müxtəlif imperiyaların tərkibində yaşamasına baxmayaraq, xalq dilini qoruyub saxlayıb, onu nəsildən-nəslə ötürüb. Bu fakt milli davamlılığın və tarixi yaddaşın göstəricisidir.
“Dilin qorunması və inkişafı həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız üçün strateji əhəmiyyət daşıyır. Əminliklə demək olar ki, Azərbaycan dilinin dövlət dili statusu alması milli özünüdərkin, tarixi yaddaşın və mənəvi dəyərlərin bərpasında həlledici rol oynayıb və bu xətt bu gün də davam etdirilir”, - deyə şöbə müdiri vurğulayıb.