AZ

Prezidentin Qarabağa səfəri quruculuğun inklüziv xarakter daşdığının sübutudur ŞƏRH

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa son səfəri üç mühüm məqamla yadda qaldı. Onlarda birincisi, Ağdərənin Baş planının hazırlanmasıdır. Bu plan çərçivəsində şəhərin məskunlaşdırılacaq hissəsi əvvəlkindən xeyli böyük olacaq və tamamilə Avropa üslubunda müasir şəhər infrastrukturu formalaşdırılacaq. Bunun nə demək olduğunu yəqin ki, Ermənistanda da başa düşürlər. Səfərin bu məqamı ötən ilin dekabrında Ermənistanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasındakı bəzi məqsədlərə qarşı Azərbaycan dövlətinin asimmetrik cavabı kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev söyləyib.

Onun sözlərinə görə, ikinci diqqətçəkən məqam Qarabağda Azərbaycanın müdafiə potensialının artırılması istiqamətində atılan addımlardır. Bunlardan biri Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulmasıdır ki, burada xüsusi təyinatlılar əməliyyat üçün lazım olan bütün növ hazırlıqlardan keçəcəklər.

“Digər strateji addım isə Tərtərdə elektromexanika zavodunun fəaliyyətə başlamasıdır. Xatırlayıram ki, hələ sovet dönəmindən - 1977-ci ildən Tərtərdə fəaliyyət göstərmiş bu zavod haqqında çox danışırdılar. Ancaq yenidən qurulandan sonra bu zavod əvvəlkindən həm texnoloji, həm də məhsuldarlıq baxımından üstün vəziyyətə gətirilib.

Diqqətçəkən üçüncü məsələ isə Ağdərəyə qayıdan soydaşlarımızın məşğuliyyətlərinin və yeni iş yerlərinin təşkili ilə bağlıdır. Burada “Dəmirli” Filiz Emalı Kompleksi mühüm rol oynayacaq. Ağdərənin dörd kəndinin sakinləri ilə görüşdə Prezident İlham Əliyev də vurğuladı ki, kompleksdə, ilk növbədə, yurdlarına qayıdanların işlə təmin olunmasını tapşırıb. Hazırda orada təxminən 250 nəfər işləyir, lakin bu say yaxın gələcəkdə ən azı iki dəfə artacaq”, - deyə S.Alıyev əlavə edib.

O bildirib ki, bu səfər iqtisadi və sosial dirçəlişin davam etdirildiyinin bariz nümunəsidir və xüsusi əhəmiyyət daşıyır.

“Bir sözlə, Bakı və digər bölgələrdə aparılan su təminatı və digər infrastruktur layihələrindən sonra Prezident İlham Əliyevin bu səfəri, doğma yurdlarına qayıdanlarla görüşü, aparılan quruculuq işlərini yerində yoxlaması göstərir ki, Azərbaycanın həm işğaldan azad olunmuş ərazilərində, həm də digər bölgələrində infrastruktur quruculuğu, müxtəlif sahələrə investisiya qoyulması davam etdirilir. Bu, quruculuğun inklüziv xarakter daşıdığının, ölkənin bütün regionlarında eyni səylə aparıldığının sübutudur”, - deyə deputat vurğulayıb.

Seçilən
31
1
azertag.az

2Mənbələr