Rusiyalı teleaparıcı Vladimir Solovyov Qırğızıstanda “persona-non-grata” (arzuolunmaz şəxs) elan oluna bilər.
APA xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov bildirib.
Onun sözlərinə görə, Solovyovun statusu ilə bağlı rəsmi qərar müvafiq prosedur çərçivəsində veriləcək: “Mənə məlumdur ki, deputatlar Solovyovu “persona-non-grata” elan etmək təklifini irəli sürüb. Bunun üçün müvafiq prosedur mövcuddur. Görək bu məsələ necə nəzərdən keçiriləcək”, - o bildirib.
Xatırladaq ki, Solovyov daha əvvəl Mərkəzi Asiyanı “bizim bölgə” adlandırıb və Rusiyanın təsir zonalarında “xüsusi hərbi əməliyyatın” keçirilə biləcəyini bildirib. Vladimir Solovyov eyni zamanda, Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib. Bundan sonra Solovyovun Ermənistan Respublikasının “Şərəf ordeni”ndən məhrum edilməsi təklif olunub. Rusiya səfiri Sergey Kopırkin isə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub.