Bakı, 14 yanvar, Günel Alıyeva, AZƏRTAC
Süni intellekt (AI) melodiyalar və aranjemanlar yaratmaqdan tutmuş vokal “dublları” yaratmağa qədər musiqi sənayesinə getdikcə daha çox daxil olur. Bəziləri üçün bu, yeni yaradıcı dil və texnoloji azadlığı təmsil edir, digərləri üçün isə yalnız səs və dəqiqliyin deyil, həm də insani duyğuların, intonasiyanın, nəfəsin və canlı səsin enerjisinin dəyərləndirildiyi sənətin təbiətinin sınağıdır. Bu fonda əsas sual getdikcə daha çox ortaya çıxır: AI tamhüquqlu həmmüəllif ola bilərmi, yoxsa musiqinin yarandığı daxili impulsu əvəz etmədən, sadəcə, prosesləri sürətləndirən bir vasitə olaraq qalacaqmı?
AZƏRTAC-ın müxbiri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının vokalisti Eleonora Mustafayeva ilə söhbətində bu gün musiqidə süni intellektin imkanları və məhdudiyyətlərinin necə qəbul edildiyi barədə danışıb.
Vokalçı qeyd edir ki, bu mərhələdə cəmiyyət, ehtimal ki, hələ də musiqidə süni intellektdən tamhüquqlu yaradıcı tərəfdaş kimi istifadə etməyə hazır deyil. O inanır ki, AI bir çoxları üçün bərabərhüquqlu əməkdaşlıqdan daha çox, əsasən, bir vasitə və texnologiya olaraq qalacaq.
“Mən süni intellekti daha çox bir vasitə kimi qəbul edirəm. Çünki onun özünü yaradıcı tərəfdaş kimi tam şəkildə ifadə edə biləcəyini demək hələ də çətindir. Hər halda, bu gün eşitdiklərimə və gördüklərimə əsasən, süni intellekt proseslərə kömək edir və onları sürətləndirir, seçimlər təklif edir, texniki imkanları genişləndirir, lakin bu, sənətçinin əsl yaradıcı hissini və intonasiyasını əvəz etmir”, - deyə o qeyd edir.
E. Mustafayevanın sözlərinə görə, süni intellektlə yaradılan və hətta onun ifa etdiyi mahnılar, şübhəsiz ki, musiqi sənayesi üçün bir problem yaradır: “Müəyyən mənada bu, təhlükə kimi görünə bilər, amma mən onu real təhlükə adlandıra bilmərəm: heç nə canlı insan səsini, həqiqi hissləri və emosiyaları əvəz edə bilməz. Son vaxtlar süni intellektlə yaradılmış bir neçə trekə qulaq asıram və əvvəlcə onlar olduqca emosional kimi qəbul edilir. Bu, dinləyicilərin reaksiyalarında da özünü göstərir. Lakin təsir çox vaxt qısamüddətli olur”.
Musiqiçi əlavə edir: “Ən maraqlısı odur ki, iki və ya üç dəfə dinlədikdən sonra bu təəssürat tez-tez yox olur. Dəqiq səbəbini bilmirəm, amma hər birimizin illərlə dinləyə biləcəyimiz, xüsusən də uşaqlıqdan və ya sevdiyimiz filmlərdən olan köhnə mahnılarımız var. Hər dəfə onlar güclü emosiyalar oyadır, çünki uşaqlıq, yeniyetməlik və mühüm hadisələrlə əlaqəli xatirələri və həyat anlarını geri qaytarır. Bu mahnılar insanlar tərəfindən hisslər, şəxsi təcrübə, bəzən sözün əsl mənasında göz yaşları vasitəsilə yaradılıb, buna görə də onlar emosional cəhətdən çox güclüdür”.
Vokalist hesab edir ki, süni intellekt tərəfindən yaradılan mahnılarda hər şey fərqlidir: hətta bəzi uğurlu əsərlər olsa belə, onlar nadir hallarda uşaqlıqdan çoxlarına tanış olan real mahnıların verdiyi dərin emosional reaksiyanı oyadır və tez bir zamanda əlaqəsiz hala gəlir. Onun fikrincə, süni intellekt real musiqini və canlı səsi əvəz edə bilməz. Texnologiya sürətlə inkişaf etsə və mütəxəssislər tembr və vokal “çalarlarının” təsviri üzərində işləsələr də, süni intellekt hələ insan ifasının incəliklərini - intonasiyanı, nəfəs almağı və daxili təcrübəni tam şəkildə əks etdirə bilmir.
Canlı ifanın dəyərindən danışan E. Mustafayeva qeyd edir ki, insan səsi həqiqidir və əsl, canlı olan hər şeyin həmişə qiymətlidir. O vurğulayır: “Bu dəyər heç bir halda yox olmur. Süni intellekt insan səsinin tembrini və səsini inandırıcı şəkildə təqlid edə bilsə belə, yenə də düşünmürəm ki, onu tam əvəz edə bilsin. Çünki məsələ sadəcə oxşarlıqda deyil: canlı ifaçılığın tamamilə əvəzlənə bilmədiyi bəzi cəhətlər var. Bunlara daxili vəziyyət, enerji, təcrübə, intonasiyanın incəlikləri və emosiyaları aid etmək olar”.
İfaçının fərdi imzası və tanınan üslubun qorunması məsələsinə toxunan sənətçi qeyd edir ki, biz hələ süni intellektin inkişafının son mərhələsindən uzaqdayıq: texnologiya inkişaf edəcək və cəmiyyət onun nə qədər dəqiq və inandırıcı olduğunu görəcək. Lakin bununla yanaşı, teatr xadimi əmin edir ki, canlı səsin fərdiliyini və solist şəxsiyyətini təkrarlamaq mümkün deyil.
“Tembri, səs tərzini və bəzi zahiri xüsusiyyətləri təkrarlaya bilərsiniz, lakin artistik imzanı - daxili təqdimatı, intonasiya nüanslarını, enerjini və emosional dərinliyi tamamilə təkrarlamaq bütün hallarda mümkün deyil. Buna görə də süni intellektin sürətli inkişafı şəraitində tanınma və orijinallığı qorumaq tamamilə mümkündür”, - deyə E. Mustafayeva vurğulayır.