Rəqəmsal transformasiya ölkə mediasında da özünü açıq şəkildə göstərir. Süni intellekt artıq bir sıra xəbər portallarının iş prosesinin ayrılmaz hissəsinə çevrilib.
Redaktor.az xəbər verir ki, TodayPress TV redaktorların süni intellektlə bağlı fikirlərini öyrənib:
Oxu.az saytının redaktoru Rövşən Əsədov süni intellektin operativliyə ciddi töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, yeni texnologiyaların tətbiqi ilə əvvəllər bir saata görülən işləri indi 15 dəqiqəyə yerinə yetirmək mümkündür:

“Bu gün biz də müasir metodlarla ayaqlaşmağa çalışırıq və yeni texnologiyaları iş prosesinə tətbiq edirik. Bu bizim işimizi olduqca asanlaşdırır. Əsasən də süni intellektin imkanlarından faydalanırıq. Digər dillərdə olan mətnlərin qrammatik qaydalara uyğun olaraq tərcümə olunmasında, şəkillərin, kollajların hazırlanmasında, mətn tərtibatında, eləcə də xəbərlərin hazırlanmasında süni intellektdən istifadə edirik. Süni intellektin üzərində işlədikcə daha da təkmilləşir və faydalı olur”.
Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, rəhbərlik etdiyi portal Azərbaycanda süni intellektdən ən aktiv istifadə edən media qurumlarından biridir:

Azxeber.com informasiya portalı Azərbaycanda süni intellektdən ən aktiv şəkildə istifadə edən xəbər portallarından biridir. Azərbaycanda ilk dəfə olaraq xəbər saytları arasında süni intellekt əsaslı xəbər aparıcısı məhz Azxeber.com tərəfindən tətbiq edilib.
"Süniyə" adlı bu xəbər aparıcısı qısa müddət ərzində sosial şəbəkələrdə böyük populyarlıq qazanıb. Onun videoları indiyədək ümumilikdə 10 milyondan çox baxış toplayıb. Artıq demək olar ki, süni intellekt xəbər aparıcıları sahəsində bu yeniliyi Azərbaycanda ilk tətbiq edən media qurumu məhz Azxeber.com olub.
Bununla yanaşı, portal fəaliyyətində müxtəlif süni intellekt proqramlarından, video və foto montaj alətlərindən, eləcə də "ChatGPT" kimi platformaların imkanlarından aktiv şəkildə istifadə edir. Süni intellekt jurnalistlər üçün olduqca faydalı bir alətdir. Onun müsbət imkanlarından düzgün istifadə edildikdə, həm iş prosesinin asanlaşdırılması, həm də operativliyin artırılması baxımından misilsiz rol oynayır”.
Bakıvaxtı.az-ın baş redaktoru Qalib İbrahimoğlu isə redaksiyada süni intellektdən əsasən texniki dəstək məqsədilə istifadə olunduğunu deyib. O əlavə edib ki, redaksiya qərarları jurnalistlər tərəfindən verilir və süni intellekt heç bir halda müstəqil məzmun yaradan əsas vasitə kimi çıxış etmir:

“Redaksiyamızda süni intellektdən müəyyən hallarda istifadə olunur. Əsasən məlumatların ilkin araşdırılması, faktların sürətli yoxlanması və məlumatların emalı məqsədilə bu texnologiyadan yararlanırıq. Mətnlərin qrammatik və üslubi redaktəsi zamanı da süni intellektin imkanlarından istifadə edilir.
Süni intellekt yalnız vaxta qənaət və texniki dəstək məqsədi daşıyan bir alət rolunu oynayır. Müsahibə və reportaj janrlarında onun istifadəsi minimaldır. Bizim üçün əsas prioritet mənbələrin dəqiqliyi, informasiyanın doğruluğu və etik prinsiplərin qorunmasıdır. Texnologiya jurnalist fəaliyyətimizi dəstəkləyən bir vasitədir. Əsas məsuliyyət və qərarvermə isə hər zaman redaksiyanın üzərinə düşür”.
Redaktor.az" target="_blank">Redaktor.az-ın baş redaktoru Aqil Aslan süni intellektin də bəzən yanıldığını və jurnalistin xəbəri özü hazırlamalı olduğunu vurğulayıb. O qeyd edib ki, yaradıcılıq tələb edən işlərdə AI-yə ehtiyac yoxdur, lakin xarici mənbələr əsasında məlumatların toplanması zamanı bu texnologiya faydalı ola bilər:

"Açığı, şəxsən mən redaksiya işlərində süni intellektdən istifadə etmirəm. Jurnalist gərək özü yaradıcı olsun, özü cümlə qura bilsin, yazılarına giriş verə bilsin, başlıq seçə bilsin.
Yeri gəlmişkən, süni intellekt də insanlar kimi yanıla bilir. Bu yaxınlarda avtomobilimin məlumatlarını yazıb hansı mühərrik yağının uyğun olduğunu soruşdum. Aldığım cavabı yoxlamaq üçün maşının istifadə kitabçasına baxdım və məlum oldu ki, süni intellekt səhv məlumat verib. Usta da zavodun məsləhət gördüyü, yəni kitabçada göstərilən yağ növünü təsdiqlədi.
Bu səbəbdən alternativ mənbələrə baxmaq lazımdır. Xüsusilə jurnalistlər öz işlərində diqqətli olmalı və mənbələrə göz gəzdirməlidirlər".
Milli.az-ın baş redaktoru Asif Mehman isə qeyd edib ki, süni intellektin əsas məqsədi jurnalistin yerini tutmaq deyil, onun işini daha səmərəli etməkdir:

"AI operativ xəbərlərin ilkin hazırlanmasında, uzun mətnlərin qısaldılmasında, başlıq və "lead" variantlarının yaradılmasında, analitik materiallar üçün strukturun formalaşdırılmasında effektiv alət ola bilər. Eyni zamanda video ssenariləri, sosial media mətnləri və "AI voice" üçün oxunuş materiallarının hazırlanmasında ciddi üstünlük yaradır.
Materialın yoxlanılması və faktların bütün hallarda dəqiqliyini yoxlamaq jurnalistin əsas fəaliyyətidir, yayımlanan infromasiyaya görə bütün hallarda jurnalist və redaktor məsuliyyət daşıyır".
İqtisadiyyat.az-ın baş redaktoru Səid Qərib süni intellektin gələcək perspektivlərinə toxunub. Onun fikrincə, hazırkı mərhələdə bu alət redaksiyalarda köməkçi alət funksiyası kimi istifadə oluna bilər.

"Bu gün süni intellekt gündəlik həyatımızın artıq bir hissəsinə çevrilir. Biz bu təcrübəni daha əvvəl sosial şəbəkələr yeni-yeni meydana çıxanda görmüşük. Artıq sosial şəbəkələr bu gün redaksiyaların fəaliyyətinin işıqlandırılmasında əsas vasitələrdən sayılır.
Rəqəmsal transformasiya bütün sahələrə təsir etdiyi kimi, süni intellekt də mətbuat redaksiyalarında getdikcə daha geniş yer alır. Amma düşünürəm ki, bu proses hələ tam formalaşmayıb.
Hesab edirəm ki, gələcəkdə süni intellekt texnologiyası redaksiyalara qısa zamanda çoxsaylı məlumatı emal etməyə, oxucu maraqlarını analiz edərək fərdiləşdirilmiş kontent təklif etməyə və təkrarolunan işləri avtomatlaşdırmağa imkan yaradar. Lakin burada əsas məsələ tarazlığı qorumaqdır. Süni intellekt yaradıcı jurnalistikanın, analitik düşüncənin və peşəkar etikanın yerini tuta bilməz. Çünki adından da göründüyü kimi, bu süni intellektdir. Amma bəzən hadisələri təsvir etmək və ya canlandırmaq üçün mütləq onu duymaq, hiss etmək tələb olunur.
Eyni zamanda xəbərin kontekstual qiymətləndirilməsi, həssas mövzuların işlənməsi və dezinformasiyanın filtrdən keçirilməsi hələ də insan mühakiməsinə ehtiyac duyur. Süni intellekt jurnalistin işini asanlaşdırmalı, amma onu əvəz etməməlidir. Düzgün tətbiq edildikdə isə süni intellekt medianın keyfiyyətini artırmaqla yanaşı, redaksiyaların resurslardan daha səmərəli istifadə etməsinə şərait yaradır".
Fins.az-ın baş redaktoru Fuad Mədətov isə süni intellektin həm üstünlüklərini, həm də risklərindən danışıb. Onun sözlərinə görə, AI mətn hazırlığı, məlumatların toplanması və statistik təhlildə faydalı olsa da, bəzən məlumatları səhv şərh edə və kontekstdən uzaq nəticələr çıxara bilər:

"Redaksiyada süni intellektdən istifadə müxtəlif səviyyədədir. Əsasən mətn hazırlığı, ilkin məlumatların toplanması və statistik təhlil üçün AI alətlərindən istifadə olunur. Sürətli xəbərlər və xülasələr hazırlamaq üçün də faydalıdır.
Yaradıcı mətnlərdə və redaktədə insan baxışı hələ də vacibdir, çünki AI hər zaman üslub və etik prinsipləri düzgün görə bilmir. Həmçinin, alətlərdən istifadə vaxt alır və bəzən iş axını pozula bilir. Yəni, AI bizim işimizi tam əvəz etmir, daha çox köməkçi rolunu oynayır. Diqqətli olmaq və insan redaktəsi ilə birlikdə işlətmək vacibdir. Bir sözlə, jurnalist süni intellektin aləti olmamalıdır, əksinə, süni intellekt jurnalistin aləti olmalıdır".
Turkustan.az qəzetinin baş redaktoru Aqil Camal isə bildirib ki, hazırda redaksiyada xəbərlərin vizual formatda təqdim edilməsi və video məzmunun hazırlanması geniş şəkildə tətbiq olunmur. Lakin o, süni intellektin redaksiyaya inteqrasiyasını istisna etməyib:

"Müxtəlif axtarış proseslərində, eləcə də foto və vizual effektlərin əldə olunmasında süni intellekt alətlərindən müəyyən qədər yararlanırıq. Bununla yanaşı, ümumi texnoloji axına uyğun olaraq bu ildən etibarən süni intellekt məhsullarının bir sıra mövcud imkanlarını mərhələli şəkildə media fəaliyyətimizə inteqrasiya etməyi planlaşdırırıq".
Sfera.az-ın baş redaktoru Ozal Məmmədov da mövqeyini bu şəkildə ifadə edib:

"Redaksiyada süni intellektdən yalnız köməkçi və texniki məqsədlərlə istifadə edilir, məzmunun hazırlanması və ona görə məsuliyyət isə tam şəkildə jurnalistlərin üzərinə düşür".
Qeyd edək ki, TodayPress TV də süni intellektin imkanlarından yararlanan media qurumlarından biridir. Redaksiyada süni intellektdən əsasən axtarış proseslərində və vizual materialların tərtibatında istifadə edilir. Buna baxmayaraq, məzmunun yaradılması və redaktəsi hələ də tam şəkildə jurnalistlərin məsuliyyəti olaraq qalır.
Türkan İsgəndərli