AZ

Yaşıl enerji siyasəti Azərbaycanın gələcək inkişaf modelinin əsas dayaqlarından biri kimi qiymətləndirilməlidir - ŞƏRH

Bakı, 14 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə yaşıl enerji ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlandığını aydın və konkret şəkildə ifadə edir. Şübhəsiz ki, bu yanaşma yalnız enerji mənbələrinin şaxələndirilməsi deyil, eyni zamanda, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və ölkəmizin regional-qlobal mövqeyinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən strateji əhəmiyyətə malikdir. Bu addımlar Azərbaycanın postneft dövrünə keçidinin institusional əsaslarının formalaşdırılmasını hədəfləyir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Azərbaycanın bərpa olunan enerji sahəsində malik olduğu təbii potensial regional miqyasda unikal xarakter daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, “Masdar”, “ACWA Power” və bp kimi qlobal enerji nəhənglərinin Azərbaycan bazarına daxil olması yalnız iqtisadi marağın deyil, eləcə də ölkəmizə olan uzunmüddətli siyasi və strateji etimadın bariz nümunəsidir. Digər mühüm istiqamət isə işğaldan azad edilmiş ərazilərimizdə tətbiq olunan yeni inkişaf modelidir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi bu regionların innovativ və dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir. Belə ki, bu ərazilər gələcəkdə enerji istehlakçısı olmaqla yanaşı, eyni zamanda, istehsal və ixrac potensialına malik strateji enerji mərkəzləri kimi formalaşa bilərlər.

“Yaşıl enerji strategiyasının ən kritik komponentlərindən biri isə onun milli enerji sisteminə inteqrasiyasıdır. 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat gücündə Günəş, külək və su enerjisinin sistemə daxil edilməsi yalnız istehsal güclərinin artırılmasını deyil, ötürmə və paylama şəbəkələrinin əsaslı şəkildə yenidən qurulmasını tələb edir. Bu isə öz növbəsində enerji siyasətində prioritetlərin dəyişdiyini və istehsaldan daha çox sistem dayanıqlılığını və balanslaşdırmanı təmin edəcək addımların atıldığını göstərir. Batareya saxlanc sistemlərinin qurulması isə birmənalı şəkildə Azərbaycanın enerji təhlükəsizliyində yeni mərhələnin aydın təzahürüdür”, - deyə A.Qurbanova vurğulayıb.

Politoloq yaşıl enerji layihələrinin iqtisadi nöqteyi-nəzərdən bir neçə strateji nəticələri özündə ehtiva etdiyini deyib: “Birincisi, daxili tələbatın bərpa olunan mənbələr hesabına ödənilməsi təbii qaza qənaət etməyə imkan yardacaq. Digər tərəfdən isə ixrac üçün əlavə resursların formalaşmasına və enerji tutumlu sənaye sahələrinin inkişafına şərait yaradacağı istisna edilmir. İlkin mərhələdə illik 5,1 milyard kilovat saat elektrik enerjisi istehsalı və 1,1 milyard kubmetr təbii qaza qənaət edilməsi Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirəcək mühüm göstəricilərdir”.

A.Qurbanova edib ki, Azərbaycanın yaşıl enerji strategiyası yalnız ekoloji və iqtisadi məqsədlərlə məhdudlaşmır. Bu strategiya milli maraqlara əsaslanan uzunmüddətli geosiyasi hesablamaların tərkib hissəsi kimi çıxış edir və ölkəmizi regional enerji mərkəzindən daha geniş miqyasda strateji enerji aktoruna çevirməyi hədəfləyir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, yaşıl enerji siyasəti Azərbaycanın gələcək inkişaf modelinin əsas dayaqlarından biri kimi qiymətləndirilməlidir.

Seçilən
122
azertag.az

1Mənbələr