"Son vaxtlar bəzi insanlar Yaponiyada, Çində və digər inkişaf etmiş ölkələrdə tətbiq olunan müxtəlif dietaları kor-koranə öz həyatlarına keçirirlər".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov qeyd etdi.
"“15-17 saat ac qalmalıyam”, “müəyyən müddət su içməməliyəm”, “yalnız konkret məhsullarla qidalanmalıyam” kimi pəhrizlər isə orqanizmdə ciddi problemlərə, xüsusilə də dəmir, vitamin B12 və fol turşusu çatışmazlığına gətirib çıxarır. Bu cür çatışmazlıqlar daha çox veqan və vegeterian, yəni heyvani mənşəli məhsullardan imtina edən insanlarda müşahidə olunur", - deyə həkim vurğuladı.
Onun sözlərinə görə, ilk növbədə səhər yeməyi vaxtında qəbul edilməlidir:
"Bizim genetikamız, illərlə formalaşmış qidalanma vərdişlərimiz səhər, nahar və axşam yeməyinin müntəzəm olmasını tələb edir. İnsan orqanizmi bu rejimə uyğunlaşıb və bunu pozmaq birbaşa sağlamlığa zərbə vurur. Əgər bütün bunlara baxmayaraq, qan azlığı ilə bağlı şikayətlər qalırsa, bitki tərkibli qidalardan, məsələn, çuğundur şirəsi kimi məhsullardan istifadə etmək olar. Amma bu, yalnız profilaktik xarakter daşıyır və problemi köklü şəkildə həll etmir".
Nuriyyə NATİQQIZI