2026-cı il “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tam icrası baxımından həlledici il sayılır. Bu ilin sonuna kimi Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura köçürülən soydaşlarımızın sayının təxminən 130-140 minə çatacağı gözlənilir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin miqyası getdikcə daha da genişlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış komplekslərinin inşa edilməsi, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin təşkili, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində geniş miqyaslı işlər görülüb.
İşğaldan azad edilmiş ərazilərin bərpası və soydaşlarımızın öz doğma yurdlarına Böyük Qayıdışı Azərbaycan dövlətinin 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunduğuna görə Prezident İlham Əliyev bu prosesi şəxsən daim nəzarətində saxlayır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr ilk növbədə regionun sürətli dirçəlişinə və keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasına, onların davamlı iqtisadi fəallığının təmin olunmasına xidmət edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri Qarabağın hər bir guşəsində yeni həyatın başlanğıcına çevrilir və həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli zəmin yaradır.
Azərbaycan dövləti tərəfindən heç bir xarici dəstək olmadan həyata keçirilən bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin bundan sonra öz doğma yurdlarında daim təhlükəsiz və rifah içində yaşamalarını təmin edir. “Böyük Qayıdış” proqramı çərçivəsində müasir standartlara uyğun yenidən qurulan şəhər və kəndlərimizə davamlı olaraq hər ay yeni köç karvanları yola salınır. Ağdərə rayonunun bərpa edilən kəndləri də artıq öz doğma sakinlərini qəbul etməyə başlayıb. Xüsusilə strateji əhəmiyyətli məntəqələrdən biri sayılan Ağdərə rayonunda aparılan bərpa işləri ilə paralel surətdə, qayıdış prosesi də həyata keçirilir, sakinlərin mənzillərlə təmin edilməsi davam edir.
30 ildən çox yurd həsrəti ilə yaşayan insanlarımızın Böyük Qayıdışının uğurla həyata keçirilməsi həm Azərbaycan dövlətinin qüdrətini, həm də xalqımızın torpağa, Vətənə bağlılığını əyani nümayiş etdirir. Prezident İlham Əliyevin bərpa edilən şəhər və kəndlərimizə tez-tez səfər etməsi, öz yurdlarına qayıdan soydaşlarımızla görüşüb söhbət etməsi, onların evlərinə gedib şəraitlə tanış olması dövlət başçısı ilə vətəndaşlar arasında mənəvi bütövlük yaradır. Bu baxımdan, Prezident İlham Əliyevin Ağdərəyə hazırkı səfəri olduqca mühüm əhəmiyyət daşıyır.
Cənab Prezidentin səfər çərçivəsində Ağdərə rayonunda görülmüş işlərlə tanış olması, bir sıra müəssisə və mərkəzlərin təməlqoyma və açılış mərasimlərində iştirak etməsi işğalın izlərinin sürətlə aradan qaldırılması və Ağdərə sakinlərinin öz doğma yurdlarında məskunlaşması istiqamətində intensiv iş aparıldığını göstərir. Dövlətimizin başçısının rayonun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə çox səmimi keçən görüşü zamanı səsləndirdiyi fikirlər isə öz dədə-baba torpaqlarına qayıdan azərbaycanlıların bundan sonra burada qürurla yaşayacaqlarına, xoşbəxt və rahat yaşayacaqlarına möhkəm zəmanət təəssüratı bağışladı. Prezidentimiz əmin etdi ki, bundan sonra müharibə olmayacaq, çünki Azərbaycan dövləti güclü dövlətdir və həmişə də güclü olacaq. Haqq-ədalətin Zəfər çalması və Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmalarına yol açıb. Uzun illərin həsrəti indi arxada qalır və Böyük Qayıdış Zəfərimizin təsdiqinə çevrilir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri