Bakı, 14 yanvar, AZƏRTAC
1994-cü ilin yayı futbol tarixində xüsusi əhəmiyyət daşıyır. ABŞ-da keçirilən dünya çempionatı təkcə yeni çempionun müəyyənləşməsi ilə deyil, futbolun qlobal inkişafında dönüş nöqtəsi kimi yadda qaldı. Bu turnir futbolun Avropa və Latın Amerikası sərhədlərini aşaraq ABŞ-da geniş auditoriya qazanmasına şərait yaratdı.
AZƏRTAC xəbər verir ki, 1994-cü ilə qədər dünya çempionatları əsasən futbol mədəniyyətinin formalaşdığı ölkələrdə təşkil olunurdu. ABŞ-ın ev sahibliyi etməsi isə ilkin mərhələdə ciddi suallar doğurmuşdu. Buna baxmayaraq, zaman göstərdi ki, ABŞ-94 futbol tarixində ilk müasir mundial kimi yadda qaldı.
Turnir rekord göstəricilərlə tarixə düşdü. Ümumilikdə 3,5 milyondan çox azarkeş stadionlardan oyunları izləyib ki, bu da dünya çempionatları tarixində hələ də ən yüksək göstəricidir. Eyni zamanda DÇ-1994 maliyyə baxımından da ən uğurlu mundiallardan biri oldu.
Yeni futbol dövrünün başlanğıcı
ABŞ-94-ün ən böyük təsirlərindən biri ölkədə peşəkar futbol liqasının yaradılması oldu. FIFA-nın əsas şərtlərindən biri dünya çempionatından sonra ABŞ-da milli liqanın təsis edilməsi idi. Nəticədə 1996-cı ildə “Major League Soccer” (MLS) fəaliyyətə başladı. Bu gün MLS Şimali Amerikanın aparıcı futbol liqası hesab olunur. Mütəxəssislərin fikrincə, ABŞ-94 olmasaydı, nə MLS, nə də ABŞ-da futbol mədəniyyəti indiki səviyyəyə çata bilərdi. Eyni zamanda, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatının təməlində də məhz 1994-cü ilin irsi dayanır.
Yeniliklər və rekordlar
ABŞ-da keçirilən mundial bir sıra yeniliklərlə yadda qaldı. İlk dəfə olaraq qələbəyə görə komandalar 3 xal qazandılar. Sarı vərəqələrin hesablanma sistemi dəyişdirildi. Qapıçılara geri ötürülən topları əllə tutmaq qadağan olundu. Futbolçuların adları ilk dəfə formaların arxasında yazıldı və FIFA himni oyunlardan əvvəl səsləndirildi.
Maradonanın vida mundialı
1994-cü il dünya çempionatı Dieqo Maradonanın milli komanda səviyyəsində son turniri oldu. Argentina millisinin lideri qrup mərhələsində keçirilən oyundan sonra dopinq testindən keçə bilmədi və turnirdən uzaqlaşdırıldı. Bu hadisə dünya futbolunda böyük rezonans doğurdu və Argentina yığmasının mübarizəni erkən dayandırması ilə nəticələndi.
Kolumbiya faciəsi
ABŞ-94 futbol tarixinin ən faciəvi hadisələrindən biri ilə də yadda qaldı. Kolumbiya millisinin müdafiəçisi Andres Eskobar ABŞ-la oyunda avtoqol vurduqdan sonra ölkəsinə qayıdarkən qətlə yetirildi. Bu hadisə futbolun yalnız idman deyil, eyni zamanda sosial təsir gücünə malik olduğunu bir daha göstərdi.
Braziliyanın zəfəri
Finalda Braziliya və İtaliya kollektivləri üz-üzə gəldi. Qolsuz başa çatan qarşılaşmanın taleyi penaltilər seriyasında həll olundu. İtaliya seçməsinin lideri Roberto Bacconun həlledici zərbəni dəqiq yerinə yetirə bilməməsindən sonra Braziliya dördüncü dəfə dünya çempionu oldu.
Daimi irs
ABŞ-94 dünya çempionatı futbolun Amerikada ciddi idman növü kimi qəbul edildi, yeni nəsil azarkeşlərin formalaşmasına və qlobal futbolun kommersiya baxımından inkişafına güclü təkan verdi. Bu turnir futbol tarixində sadəcə bir çempionat deyil, bütöv bir dövrün başlanğıcı kimi dəyərləndirilir.