AZ

Texniki tənzimləmə iqtisadi inkişafa töhfə verir - AÇIQLAMA

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycanda texniki tənzimləmə sisteminin yaradılması zərurəti nə ilə bağlıdır? Bu sistemin qurulması hansı konkret problemlərin həllinə yönəlib?

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, məhsul və xidmətlərin təhlükəsizliyinin təmin edilməsi və bu istiqamətdə istehlakçıların mənafelərinin qorunmasına dair tələblərin yüksəlməsi Azərbaycanda texniki tənzimləmə sisteminin formalaşdırılmasını zəruri edən əsas amillərdən birinə çevrilib.

Texniki tənzimləmə sisteminin tətbiqi məhsul və xidmətlərin insanların həyat və sağlamlığına mənfi təsirlərinin azaldılmasına, təhlükəli məhsulların istehlak bazarından çıxarılmasına və nəticə etibarilə, istehlakçıların təhlükəsizliyinin təmin edilməsinə töhfə verir, istehlakçılarda aldıqları malların təhlükəsiz olmasına inam formalaşdırır.

Texniki tənzimləmə sisteminin əsas elementi özündə məhsul və xidmətlərə dair məcburi tələbləri müəyyən edən texniki reqlementlərdir. Hər bir texniki reqlamentdə satışa çıxarılan malların müvafiq reqlamentə uyğunluğunun qiymətləndirilməsi prosedurları yer alır. Bu isə uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi olmayan malların istehsalı, satışı, idxalı və istifadəsinin qarşısını alır. Nəticə etibarilə, bu tədbirlər istehlak bazarında malların rəqabət qabiliyyətini artırır, onların həm daxili, həm də xarici bazarlara maneəsiz çıxışını təmin etməklə iqtisadi inkişafa töhfə verir. Həmçinin beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına və malların sərbəst dövriyyəsinə şərait yaradır.

Qeyd edək ki, ölkəmizdə texniki tənzimləmə sisteminin qurulması məqsədilə 2019-cu ildə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən, istehlakçıların istifadə etdiyi qeyri-qida mallarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən edilir. Standartlardan fərqli olaraq texniki reqlamentlər məcburi xarakter daşıyır və əsas məqsədi insanların həyat və sağlamlığı, əmlakı, ətraf mühit və dövlət maraqlarını qorumaqdır.

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən milli texniki reqlamentlərin qəbul edilməsi, habelə texniki tənzimləmənin şamil olunduğu malların istehsalı, idxalı, satışı və istifadəsinə nəzarət mexanizmlərinin yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Eyni zamanda “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər tələblərin təmin olunması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər görülür.

 

Seçilən
96
azertag.az

1Mənbələr