AZ

Qarabağ və  Şərqi Zəngəzur: dünyaya açılan yeni turizm pəncərəsi - Şərh

 “Prezident İlham Əliyevin liderliyi altında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi müasir Azərbaycanın ən mühüm strateji layihələrindən birinə çevrilib. Məqsədyönlü, planlı və sürətli şəkildə icra olunan dövlət proqramları nəticəsində bu bölgələr artıq təkcə bərpa mərhələsini keçmir, eyni zamanda ölkə iqtisadiyyatına reinteqrasiya olunaraq real töhfələr verməyə başlayır”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məcliisn deputatı Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin inkişafı yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. “Qarabağ və Şərqi Zəngəzur bu gün mədənçilik, kənd təsərrüfatı, yaşıl enerji və sənaye potensialı ilə Azərbaycanın iqtisadi xəritəsində mühüm yer tutur. Prezident İlham Əliyevin müəyyən etdiyi konsepsiyaya uyğun olaraq bölgədə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, alternativ enerji zonalarının yaradılması, logistika və nəqliyyat infrastrukturunun qurulması paralel şəkildə icra olunur”, - o vurğulayıb.

 Deputatin fikrincə, bu yanaşma Qarabağ və Şərqi Zəngəzuru təkcə bərpa edilən ərazi deyil, uzunmüddətli və dayanıqlı inkişaf modelinə malik yeni iqtisadi mərkəzə çevirir:

“Qarabağ və Şərqi Zəngəzur turizm baxımından Azərbaycanın ən zəngin və çoxşaxəli bölgələrindən biridir. Bölgə yalnız füsunkar və toxunulmamış təbiəti ilə deyil, eyni zamanda zəngin tarixi, mədəni və dini abidələri ilə seçilir. Burada yerləşən məscidlər, alban irsi nümunələri, tarixi yaşayış məntəqələri turizm marşrutlarının formalaşması üçün geniş imkanlar yaradır.

Xüsusilə termal bulaqların mövcudluğu bölgəni tibbi-müalicə və sağlamlıq turizmi üçün cəlbedici məkana çevirir. Bu amil Qarabağ və Şərqi Zəngəzurun ilboyu – bütün fəsillərdə turizm üçün əlverişli olmasını təmin edir. Artıq daxili turizmdə bu ərazilər əsas istiqamətlərdən birinə çevrilib, yaxın perspektivdə isə xarici turist axınının artacağı gözlənilir.

Prezident İlham Əliyevin Ağdərəyə səfəri və Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü dövlətin bölgəyə verdiyi strateji əhəmiyyətin bariz göstəricisidir. Prezidentin “Bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qurub-yaradırıq” fikri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən siyasətin ideoloji əsasını təşkil edir.

Bu mesaj yalnız bərpa prosesinə deyil, həm də milli iradənin, suverenliyin və uzunmüddətli inkişaf vizyonunun ifadəsidir. Dövlət başçısının vurğuladığı kimi, bölgənin kənd təsərrüfatı və turizm potensialı onu təbii bir cənnətə çevirir və bu imkanlar artıq reallığa çevrilməkdədir”.
 Deputat əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan ardıcıl siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yaxın gələcəkdə təkcə Qafqaz regionunun deyil, dünyanın ən cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsi üçün real zəmin formalaşıb: “Yeni hava limanları, avtomobil yolları, dəmir yolu xətləri, müasir hotellər və istirahət kompleksləri bu hədəfə xidmət edir.

Nəticə etibarilə, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi yalnız regional inkişaf layihəsi deyil, Azərbaycanın güclü dövlət modelinin, effektiv idarəçiliyinin və strateji baxışının təzahürüdür. Bu bölgələr artıq keçmişin ağrılarını deyil, gələcəyin imkanlarını simvolizə edir və milli inkişafın yeni lokomotivinə çevrilməkdədir”.

 Mürtəza

Seçilən
54
1
olke.az

2Mənbələr