ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Elmi cəhətdən sübut olunub ki, betona davamlı şəkildə baxmaq insan zehnini sərtləşdirir. Hara baxdığınız və nə ilə təmasda olduğunuz zehni vəziyyətiniz üçün olduqca vacibdir. Təbiətə və üfüqə baxmaq zehni genişləndirir, dərindən düşünməyə imkan yaradır. Lakin çirkin binalar, boz beton kütləsi insanlarda gərginlik, stres və sərtlik yaradır. Bu səbəbdən cəmiyyət olaraq getdikcə sərtləşirik.
Bu gün istirahət etməyin əsas yolu kimi alış-veriş təklif olunur. İnsanlar bir markaya sahib olduqca, onu sosial statusun simvolu kimi təqdim edirlər. Belə bir anlayış formalaşıb: “Mən bu brendə malikəmsə, mənə dəyər verilməlidir”.
Artıq insanlar daxildən güclənmək və ya özlərini orijinal şəkildə ifadə etmək əvəzinə, zahiri göstəricilərlə - saat, avtomobil, geyim markası və yaşadığı məhəllə ilə özlərini tanıdırlar. Dərinlik yoxa çıxır. Göstəricilərlə deyir ki, bu mənəm - mənə bu gözlə baxın.
Beton mənzərələrin çoxluğu insanların psixoloji vəziyyətinə hansı təsirləri göstərir?Geyim, brend və xarici görünüşlə sosial status göstərmək istəyinin kökündə hansı psixoloji ehtiyaclar dayanır?Bəzi insanlar niyə daxili dəyərlər əvəzinə özlərini maddi atributlarla tanıtmağa çalışır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına psixoloq Aysun Alyarova bildirib ki, belə mühitlərdə yaşayan fərdlər daha müdafiəçi, sərt mövqeli olurlar: “Təkcə vizual baxımdan deyil, bu mənzərələr insanın emosional və davranış səviyyəsinə də təsir edir. Elmi araşdırmalar göstərir ki, təbiətdən uzaq, boz və sərt mühitlərdə uzun müddət yaşayan insanlarda zamanla stress hormonunun səviyyəsi artır. Bu insanlar səbir baxımından daha az dözümlü olur, tez coşurlar, emosional partlamalar yaşayırlar. Belə mühitlərdə yaşayan fərdlər daha müdafiəçi, sərt mövqeli olurlar. Bu təsir tək bir insanda qalmır - zamanla daha çox insana sirayət edir və nəticədə cəmiyyətdə ümumi sərtləşmə və aqressiya müşahidə olunur.
Əksi olaraq, təbiətə yaxın olan, yaşıllıqla təmasda yaşayan insanlar beyinlərinin rahatlaşdığını, daxili sakitlik qazandıqlarını bildirirlər. Ən sadə misal: çox yorğun və əzgin olduğumuz anlarda cəmi 10-15 dəqiqə təbiətdə gəzmək, təmiz hava almaq, yaşıllığa, gül-çiçəyə baxmaq belə bizi tədricən sakitləşdirir, yavaş-yavaş özümüzə gəlirik”.
Aysun Alyarova
Aysun Alyarova qeyd edib ki, son dövrlərdə insanlar, həqiqətən də, brend markalara daha çox üstünlük verirlər: “Hal-hazırda bir çox insanla söhbət etsəniz, müxtəlif cavablar eşidərsiniz. Amma bu cavabların böyük əksəriyyəti, sizin də qeyd etdiyiniz kimi, alış-veriş vərdişlərində özünü göstərir. Son dövrlərdə insanlar, həqiqətən də, brend markalara daha çox üstünlük verirlər. “Əsas odur ki, brend olsun” düşüncəsi, geyimin insana yaraşmasından daha önə keçib. Bunun əsas səbəbi geyimi artıq sosial status göstəricisi kimi qəbul etmələridir.
Bu yanaşmanın arxasında duran psixoloji məqam isə dəyərli hiss edilmək, görünmək, təsdiq və qəbul olunmaq ehtiyacıdır. İnsan öz dəyərini daxildə hiss etmədikdə, yaranan boşluğu xarici simvollarla - brend saatlar, avtomobillər, geyimlər və yaşadığı məkanla doldurmağa çalışır. Sanki bu vasitələrlə “mən kiməm?” sualına cavab axtarır. Bu da onu göstərir ki, bir çox insan üçün maddi göstəricilər daxili boşluğu örtmək cəhdidir.
Bir çox insanlar daxili dəyərlər əvəzinə maddi atributlarla özünü tanıtmağa çalışır. Bunun əsas səbəbi isə odur ki, özünü tanımaq və daxili kimliyin formalaşması çətin və zaman tələb edən bir prosesdir. Bəzən müşahidə edirik ki, insanlar psixoloji terapiya və ya şəxsi inkişaf üçün seanslara qatılmaq əvəzinə, daha asan və mistik yolları seçirlər. Bu da göstərir ki, daxilə yönəlmək, hisslərlə təmasda olmaq və bu yolda irəliləmək güc və səbir tələb edir. Əvəzində isə maddi göstəricilər və ya mistik yanaşmalar insanlara daha asan, təhlükəsiz və dərhal nəticə verən alternativ kimi görünür”.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.