AZ

Son vaxtlar trend olan dondurma quruları ilə bağlı XƏBƏRDARLIQ: “Yeməyin, həyatınız təhlükədədir”

“Son vaxtlar sosial şəbəkələrdə trend olan dondurma quruları (toz qarışıq + su və ya süd ilə hazırlanan aparat dondurmaları) maraq doğursa da, onların bəzi mümkün ziyanlı tərəfləri var. Bu ziyan istifadə olunan xammal və gigiyena şərtlərindən asılıdır”.

Bu fikirləri qida eksperti Fərid Səfərov KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Əvvəla, bu dondurmaların çoxu hazır toz qarışıqlarından düzəlir. Bu qarışıqların tərkibində süni dadlandırıcılar, rəngləndiricilər, stabilizatorlar və bəzən trans yağ mənbələri ola bilər. Tez-tez istifadə edildikdə bu maddələr həzm sisteminə yük sala, uşaqlarda hiperaktivlik və allergik reaksiyalarına səbəb olar”.

Ekspert bildirir ki, ikinci mühüm məqam şəkər miqdarıdır.

“Bu tip dondurmalar adətən yüksək şəkərlidir. Həddindən artıq şəkər qəbulu piylənmə, diş çürüməsi və insulin balansının pozulması riskini artırır. Digər risk isə gigiyenadır. Aparatlar düzgün və mütəmadi təmizlənmədikdə bakteriya və göbələklərin çoxalması üçün əlverişli mühit yaranır. Xüsusilə, isti havalarda bu, qida zəhərlənməsi riskini yüksəldə bilər”.

F.Səfərov qeyd edir ki, tərkibi məlum olmayan qarışıqlarla hazırlanırsa, gigiyena qaydalarına əməl olunmursa, tez-tez və çox miqdarda istehlak edilirsə sağlamlıq üçün risk yaradır.

“Ara-sıra, etibarlı məkanlarda və ölçülü şəkildə istifadə edildikdə isə ciddi problem yaratmaz”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
123
2
konkret.az

3Mənbələr