AZ

Vətəndaşlara saxta “myGov” saytları ilə bağlı ciddi xəbərdarlıq » AzadMedia.az


Son günlər sosial şəbəkələr və ani mesajlaşma tətbiqləri vasitəsilə dövlət tərəfindən ünvanlı sosial yardım verilməsi adı altında fişinq xarakterli saxta saytlar yayılır. Aidiyyəti qurumlar vətəndaşları bu cür dezinformasiyalara qarşı diqqətli olmağa çağırır.
Məlumata görə, xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə məxsus “myGov” portalının adından istifadə olunmaqla saxtalaşdırılmış domenlər yaradılır. Bu saytlar vasitəsilə vətəndaşların fərdi məlumatlarının, o cümlədən kimlik, istifadəçi hesabları və bank kartı məlumatlarının ələ keçirilməsi hədəflənir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bildirir ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi tərəfindən bu tip saxta domenlərin bir qismi artıq müəyyən edilərək aidiyyəti qurumlarla birgə ölkə üzrə bloklanıb. Həmin domenlər eyni zamanda “Blacklist.gov.az” platformasında ictimaiyyətə açıqlanıb.
Qurum vətəndaşlara saxta domenlərlə rastlaşdıqda bu barədə “Blacklist.gov.az” platforması üzərindən məlumat verməyi, brauzerlərində müvafiq qoruyucu genişlənmələrdən istifadə etməyi və şübhəli linklərə daxil olmamağı tövsiyə edir.
Seçilən
29
1
azadmedia.az

2Mənbələr