
ABŞ prezidenti Donald Tramp və onun köməkçiləri hesab edirlər ki, Qrenlandiya əhalisinin ABŞ-a birləşmə məsələsində referendumda iştirak etməsi ən məqsədəuyğun variantdır.
AFN.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb. Bildirilir ki, amerika tərəfi əhalinin fikirlərinə təsir etmək üçün desinformasiya kampaniyalarının təşkilini də nəzərdən keçirir.
Qəzetin mənbələrinin məlumatına görə, prezident Tramp və onun əsas köməkçiləri üçün Qrenlandiya üzərində nəzarət əldə etməyin üstün yolu əhalini referendumda ABŞ-a birləşməyə səs verməyə təşviq etməkdir. Məqalədə qeyd edilir ki, bu məqsədlə informasiya və desinformasiya kampaniyaları, həmçinin Qrenlandiyada biznes üçün müxtəlif maliyyə təklifləri və digər təşviqlər nəzərdən keçirilir.
Materialda vurğulanır ki, Trampın zorakılıqla Qrenlandiyanı ABŞ-a birləşdirmək barədə açıqlamaları adanın sakinləri arasında narazılıq yaradır. Qəzetin sorğusuna qatılan yerli əhali Trampın yanaşmasını hörmətsiz hesab edir.
ABŞ Senatı üzvü Rand Pol isə qəzetə açıqlamasında bildirib ki, Qrenlandiyanı almağa qarşı deyil: "Amma bir şeyi almaq istəyirsənsə, onu zorla almaq düzgün strategiya deyil".