Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib.
Qeyd edək ki, Paşinyanın açıqladığı bu məlumat Azərbaycanda birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə şərh yazan insanlar Xocalı qatillərinin Ermənistana təhvil verilməsini pisləyirlər. Təbii ki, Ermənistanla gələcək sülh üçün bu addımı dəstəkləyənlər də az deyil.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirdi ki, bu dörd nəfərin içərisində xüsusilə Xaçaturyanın cinayətləri çox idi. Onun sözlərinə görə, faktiki olaraq, 30-a yaxın insanın ölümü ilə bağlı onun təqsiri sübuta yetirilmişdi və ona 15 il, ya da daha çox həbs cəzası veriləcəkdi:
"Ermənistanla Azərbaycan arasında müəyyən humanitar addımlar atılır və tərəflər bir-birinə yaxınlaşmağa çalışırlar. Burada Paşinyanın Ermənistandakı mövqeyi və reytinqi, yenidən hakimiyyətə gəlməsi məsələləri də rol oynaya bilər. Lakin Azərbaycan cəmiyyəti üçün bunu qəbul etmək asan deyil. 30 il boyunca Azərbaycan torpaqları işğal altında qalıb, Azərbaycan insanları qətlə yetirilib və vətəndaşları soyqırıma məruz qalıb. Azərbaycanın itkin düşənləri və əsirləri olub, Ermənistan isə onların heç birini qaytarmırdı. İnsanların bu məsələyə reaksiyasının fərqli olmasının səbəbi də budur. Hesab edirəm ki, bu addım dövlətin yanaşmasını göstərir. Dövlət düşünür ki, Ermənistanla münasibətləri düzəltmək və qonşuluq əlaqələrini bərpa etmək üçün bu addım atılmalıdır".
Müsahibimiz vurğuladı ki, Azərbaycanda da 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatında döyüşən zabitlərimiz var ki, müəyyən məsələlərlə bağlı həbsdədirlər:
"Əgər Xaçaturyan azadlığa buraxılırsa və ya dörd nəfər sərbəst qalırsa, onlara qarşı da humanist yanaşma göstərilməlidir. Dövlətin verdiyi qərarlar həmişə fərqli olur və hesab edirəm ki, indiki mərhələdə bu addım düzgün ola bilər. Amma insanların da bu məsələyə münasibətini anlamaq və başa düşmək lazımdır".
Nuriyyə NATİQQIZI