AZ

Əməkdar memar: Fayda memarlığın funksiya və əsasını təşkil edir

Bakı, 14 yanvar, Günel Alıyeva, AZƏRTAC

Memarlıq zövq məsələsi və ya effektli forma uğrunda yarış deyil. Onun fundamental prinsipləri bizdən xeyli əvvəl formalaşdırılıb. Qədim Roma memarı Vitruviy peşənin üç dayağını müəyyənləşdirib: fayda, davamlılıq və gözəllik. Məhz bu üç tərkib hissəsi keyfiyyətli memarlıq anlayışını formalaşdırır.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “ARCHITE KONST LLC” şirkətinin təsisçisi Əməkdar memar Ravil Baybekov bildirib.

Onun sözlərinə görə, bu gün yenidən bu sadə, lakin ciddi formulaya qayıtmaq vacibdir, çünki bir çox memarlar tez-tez onu unudur və faktiki olaraq vitruvian prinsipini pozurlar. Ravil Baybekov vurğulayıb ki, bu triadanın mahiyyəti gözəl sitatda deyil, peşəkar məntiqdədir.

“Fayda memarlığın funksiya və əsasını təşkil edir. Hətta əsərləri ifadəliliyin nümunəsi sayılan Antonio Qaudi də daim vurğulayırdı ki, hər şeydən əvvəl, funksiya olmalıdır. Funksiya yoxdursa, bu, artıq memarlıq deyil, dekorasiyadır, cəlbedici görünən, lakin təyinatı üzrə işləməyən gözəl əşyadır. İkinci məcburi komponent davamlılıqdır. Memarlıq konstruktiv baxımdan dəqiq hesablanmış, etibarlı və uzunömürlü olmalıdır. Yalnız bundan sonra gözəllik gəlir. Vitruviy onu üçüncü yerə ona görə qoymayıb ki, gözəllik əhəmiyyətsizdir, xeyr, ona görə qoyub ki, gözəllik mahiyyət etibarilə ilk iki prinsipə əlavə olunur. Funksiya və etibarlılıq yoxdursa, gözəllik boş, yalan və heç kimə lazım olmayan məfhum olur. Məhz bu üç başlanğıcın əvəzlənmədən və tarazlıq pozulmadan birləşməsi həqiqi keyfiyyəti yaradır”.

Müasir memarlıq barədə danışan Ravil Baybekov qeyd edib ki, o, hər zaman sağlam düşüncəyə əsaslanıb.

“Əvvəllər indiki texnologiyalar mövcud deyildi, lakin təcrübə, müşahidə və mühitin dərk edilməsi vardı. Mühit isə geniş mənada texnologiyanın bir hissəsidir, yəni hər bir regionun təbii şəraiti istər-istəməz memarlığı formalaşdırır. Buradan da ənənə anlayışı yaranır”, – deyə o bildirib.

Memarın sözlərinə görə, ənənə “muzeyçilik” və ya keçmişin köçürülməsi (kopyalanması) deyil. Bu, iqlimdən, landşaftdan və həyat tərzindən qaynaqlanan milli və regional məntiqdir. O, buna misal olaraq Abşeronu göstərir, belə ki, burada güclü küləklər və günəşin çoxluğu mövcuddur. Deməli, həm küləkdən, həm də günəşdən qorunmaq lazımdır.

“Tarixən mühitlə bağlı tipoloji həllər məhz bu cür formalaşıb. Aydın nümunələrdən biri karvansaradır: hər tərəfdən qapalı, yarımqapalı sxem, daxildə həyətin və sərin məkanların formalaşdırılması. Bu cür struktur həm küləkdən, həm də istidən qoruyurdu, yəni təbiətin qoyduğu vəzifəni həll edirdi”, – deyə həmsöhbətimiz vurğulayıb.

Stilizasiya mövzusuna toxunan memar qeyd edib ki, bu, həddən artıq ümumi və qeyri-müəyyən anlayışdır: istənilən şeyi stilizə etmək olar, lakin bu, həllin mahiyyət etibarilə doğru olması demək deyil. Məhz buna görə də “müasir” görünmək istəyi ilə Avropa üsullarının düşünülməmiş şəkildə mənimsənilməsinə əsaslanan yanaşma ilə tez-tez mübahisə edir. Avropa memarlığı başqa mədəni və iqlim şəraitində formalaşıb, halbuki bizim regionun öz məntiqi və öz mühiti var.

Memar vurğulayıb ki, məsuliyyət, ilk növbədə, sifarişçinin deyil, memarın üzərinə düşür.

“Memar istiqaməti müəyyənləşdirir və nəticəyə görə cavabdehdir, burada isə sual bu olmalı deyil ki, “mən nəyi göstərə bilərəm” və ya “nə dərəcədə istedadlıyam”, əksinə, “bu region və insanlar üçün nə edirəm” olmalıdır. Həll məkanın təbiətinə və mədəniyyətinə hörmət edilməklə regional olmalıdır”, – deyə o əlavə edib.

Memarın sözlərinə görə, müasir memarlıq texnologiyaya və regional məntiqə söykənərək milli kimliyi əks etdirməlidir. Bu halda şəhər tanınan və “özününkü” olacaq, mühit isə komfortlu formalaşacaq. İnsanlar yalnız tarix və abidələr üçün səyahət etmirlər, hətta müasir şəhərin də dərhal oxunan xarakteri olmalıdır: “İctimai məkanlar elə layihələndirilməlidir ki, şəhərin real şəraitində insanlara komfort yaratsın - məsələn, kölgəli alleyalar, ağaclar altında gəzinti imkanı nəzərdə tutulmalı, eyni zamanda, dəniz və bulvarla əlaqə saxlanılmalıdır. Bu, formadan deyil, gündəlik həyata qayğıdan başlayan memarlıq düşüncəsidir”.

Ravil Baybekovun sözlərinə görə, bu gün gənc memarlara tez-tez fundamental biliklər və ən əsası, praktika ilə əlaqə çatışmır. O qeyd edib ki, əvvəllər ali məktəblərdə praktiki fəaliyyət göstərən memarlar dərs deyirdi, tikinti aparan və real təcrübəni auditoriyaya gətirən insanlar vardı. Bu gün isə tədrisi çox vaxt tikintidən və real obyektlərdən uzaq olan şəxslər aparır ki, bu da tələbələrdə peşəkar duyumun formalaşmasına mane olur. Çıxış yolu kimi o, nəzəriyyənin real işlə uzlaşdırıldığı, mentorluğun peşəkar inkişafın əsas hissəsinə çevrildiyi həqiqi “praktika məktəbi”nin yaradılmasını görür.

Peşəkar mühitdən danışan Ravil Baybekov gender aspektinə də toxunub.

Onun sözlərinə görə, dünya təcrübəsində qadın memarların sayı həqiqətən kişilərlə müqayisədə azdır.

“Bu, “kim daha yaxşıdır” məsələsi deyil və müqayisə üçün də əsas vermir. Burada daha çox peşədə maraqların və ixtisaslaşmanın tarixən necə bölüşdürülməsindən söhbət gedir. Dizaynda, kameral məkanlarla və detalların işlənməsində qadınlar tez-tez xüsusilə parlaq şəkildə özünü göstərir, genişmiqyaslı memarlıqda isə çoxlu mühəndis məhdudiyyətləri, tikinti ilə sıx koordinasiya və sərt texnoloji çərçivələr mövcuddur və daha çox kişilər üstünlük təşkil edir. Hərçənd istisnalar da var”, – deyə memar izah edib.

Belə istisnalardan biri kimi o, Zaha Hadidi göstərir. Memarın sözlərinə görə, onun yanaşması son dərəcə müəllif xarakteri daşıyırdı. Məhz buna görə də onun bir çox layihələri uzun müddət kağız üzərində qalırdı: texnologiyalar formanın arxasınca çatmırdı, reallaşdırma isə son dərəcə mürəkkəb hesablamalar, qeyri-standart mühəndis həlləri və fərdi materiallar tələb edirdi.

Hansı obyektlərin və rayonların mühafizə olunma və ehtiyatlı bərpa baxımından prioritet sayılmalı olduğu barədə suala cavab verən memar, ilk növbədə, İçərişəhəri qeyd edib.

“Memarlıq peşəkar sahədir və şəhərin necə mühafizə olunacağı, bərpa ediləcəyi və inkişaf etdiriləcəyi məsələlərini, ilk növbədə, mütəxəssislər müəyyənləşdirməlidir”, – deyə R.Baybekov fikrini yekunlaşdırıb.

 

Seçilən
150
azertag.az

1Mənbələr