
Böyük Britaniya İran ətrafında artan gərginlik fonunda Qətərdə yerləşən “Əl-Udeyd” aviabazasından hərbi kontingentinin bir hissəsini geri çəkməyə başlayıb.
AFN.az Britaniya mediasına istinadən xəbər verir ki, qərar ABŞ və İran arasında mümkün birbaşa hərbi toqquşma riskləri ilə bağlı ehtiyat tədbiri kimi qəbul edilib.
Sözügedən bazada Kral Hərbi Hava Qüvvələrinin (RAF) şəxsi heyəti ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə yerləşdirilib.
Nəşr yazır ki, London Vaşinqtonun regiondakı qüvvələrin yerləşdirilməsi planlarında baş verən dəyişikliklərə reaksiya verir: “Qətərdəki 'Əl-Udeyd' aviabazasında ABŞ qüvvələri ilə birlikdə xidmət edən bəzi britaniyalı hərbçilər geri çağırılır”.
Bundan əvvəl "Reuters" adı açıqlanmayan ABŞ rəsmisinə istinadən Vaşinqtonun Yaxın Şərqdəki əsas bazalardan bir sıra hərbi personalı preventiv tədbir kimi çıxardığını yazıb. Bu məlumatlar, yüksək rütbəli iranlı rəsmilərin ABŞ-ın mümkün zərbəsinə cavab olaraq regionda yerləşən Amerika hərbi obyektlərinə hücum ediləcəyi barədə xəbərdarlıqlarından sonra yayılıb.