AZ

Böyük Britaniya hərbi personalını Qətərdə yerləşən ABŞ hərbi bazasından çıxarır

London, 14 yanvar, AZƏRTAC

Böyük Britaniya Qətərdə yerləşən və regionun ən böyük Amerika hərbi bazası olan Əl-Udeyd aviabazasından bəzi hərbçilərini geri çəkməyə başlayıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, qərar ABŞ Prezidenti Donald Trampın İranda etirazçılara müraciət edərək yardımın yolda olduğunu deməsindən sonra verilib.

İran dəfələrlə bəyan edib ki, ABŞ regionda hərbi hücuma keçərsə, Amerika hərbi obyektlərinə cavab zərbələri endirəcək. Britaniya da Qətərdə yerləşən və regionun ən böyük Amerika hərbi bazası olan Əl-Udeyd aviabazasından bəzi əməkdaşlarını geri çəkməyə başlayıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, əməliyyat təhlükəsizliyi səbəbindən yerləşdirmə və dislokasiya ilə bağlı detallara şərh verilmir. Britaniya hər zaman hərbi personalının təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görür və zəruri hallarda personalın geri çəkilməsi də bu tədbirlərə daxildir.

Qətərdəki bazadan bütün britaniyalı hərbçilərin çıxarılıb-çıxarılmayacağı hələlik dəqiqləşdirilməyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
144
4
azertag.az

5Mənbələr