AZ

Rusiya İsrail və İran arasında gizli vasitəçi rolunda çıxış edib

Gərginliyin artdığı bir dövrdə Moskva tərəflər arasında mesajların ötürülməsində iştirak edib...

Poliqon xəbər verir ki, The Washington Post nəşrinin məlumatına görə, Rusiya İsrail və İran arasında yüksək gərginlik şəraitində gizli vasitəçi kimi çıxış edib. Bildirilir ki, dekabrın sonunda İsrail rəsmiləri Moskva vasitəsilə İran rəhbərliyinə mesaj göndərərək, İsrailə hücum olmadığı təqdirdə Tehrana qarşı zərbə endirməyəcəklərini çatdırıblar.

Məlumata görə, İran tərəfi də eyni kanal üzərindən cavab verərək, preventiv hücumdan çəkinəcəyini bildirib. Bu barədə tərəflər arasında aparılan yazışmalardan xəbərdar olan mənbələr məlumat veriblər.

Nəşr vurğulayır ki, İsrail və İran arasında bu cür mesaj mübadiləsi, eləcə də Rusiyanın vasitəçi rolu iki Yaxın Şərq rəqibi arasında dərin düşmənçilik fonunda qeyri-adi hal sayılır. Xatırladılır ki, tərəflər iyun ayında 12 gün davam edən hərbi qarşıdurma yaşamışdılar.

Yüksəkrütbəli regional rəsmilərin sözlərinə görə, son mesajlaşma dekabrın sonunda, İran xarici işlər naziri Abbas Araqçinin Moskvaya səfərindən qısa müddət sonra baş tutub.

Məqalədə qeyd olunur ki, bu, Rusiyanın İsrail və İran arasında vasitəçilik etməyə çalışdığı ilk hal deyil. Kreml daha əvvəl də bu iki ölkə arasında dialoq qurmaqla yanaşı, Ukrayna müharibəsi ilə bağlı danışıqlarda ABŞ prezidenti Donald Trampın gözündə vasitəçi kimi mövqeyini gücləndirməyə cəhd göstərib.

Mənbələrin bildirdiyinə görə, Rusiya diplomatları bir müddət əvvəl Trampa İsrail və İran arasında vasitəçi rolunu təklif ediblər. Lakin Tramp bu təklifi rədd edərək rusiyalı tərəfdaşlarına “əvvəlcə Ukrayna ilə məşğul olun” mesajını verib.

Nəşr sonda qeyd edir ki, son həftələr İranda baş verən kütləvi etirazların İsrail və İranın hesablamalarına necə təsir edəcəyi, eləcə də tərəflərin bu qeyri-rəsmi razılaşmaya sadiq qalıb-qalmayacağı hələlik aydın deyil.

Poliqon.info

Seçilən
107
50
poliqon.info

10Mənbələr