AZ

Qrenlandiyada Fransa konsulluğunun açılış tarixi məlum olub

Paris, 15 yanvar, AZƏRTAC

Fransa Arktika bölgəsində diplomatik mövcudluğunu genişləndirir. Xarici işlər naziri Jan-Noel Barro açıqlayıb ki, Parisin Qrenlandiyada diplomatik nümayəndəliyi fevralın 6-da rəsmi şəkildə fəaliyyətə başlayacaq. Bu qərar Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-ın artan maraqları fonunda geosiyasi diqqət mərkəzinə çevrildiyi vaxta təsadüf edir.

AZƏRTAC xəbər verir ki, RTL radiosunun efirində çıxış edən Fransa diplomatiyasının rəhbəri fevralın 6-da Nuukda konsulluğun açılacağını bildirib. Onun sözlərinə görə, bu addımın məqsədi Fransanın bölgədə mövcudluğunu dərinləşdirmək niyyətini açıq şəkildə göstərməkdir.

Bu açıqlama 2025-ci ilin iyununda prezident Emmanuel Makron tərəfindən elan edilmiş layihənin konkretləşdirilməsi deməkdir. Xarici işlər nazirinin son bəyanatı isə Parisin Nuukda fiziki diplomatik iştirakını mümkün qədər tez reallaşdırmaq istəyini təsdiqləyir.

Qərarın sürətlə verilməsi Avropa ilə ABŞ arasında Qrenlandiyanın statusu ilə bağlı artan gərginlik fonunda reallaşır. ABŞ prezidenti Donald Tramp son vaxtlar Qrenlandiyanı “yumşaq və ya sərt yolla” əldə etmək istədiyini yenidən dilə gətirib, bunu Rusiyanın və ya Çinin bölgədə təsir imkanlarının artması riski ilə əsaslandırıb.

Jan-Noel Barro isə ötən həftə Vaşinqtonu “şantajdan əl çəkməyə” çağırmışdı. Fransa bu diplomatik addımla Qrenlandiyanın Avropa məkanına aid olduğunu bir daha vurğulamaq niyyətindədir. Nazir Avropa mətbuatına açıqlamasında xatırladıb ki, “Qrenlandiya Avropa ərazisidir və NATO-nun himayəsi altındadır” və ABŞ-ın mümkün müdaxiləsini əsaslandıra biləcək heç bir səbəb yoxdur.

Gələcək baş konsulluq yalnız Qrenlandiyada konsulluq qeydiyyatında olan altı Fransa vətəndaşına inzibati xidmət göstərməklə kifayətlənməyəcək. Xarici İşlər Nazirliyinin məlumatına görə, nümayəndəlik elmi tədqiqat missiyalarında çalışan alimləri müşayiət edəcək və təbii ehtiyatlarla zəngin bu regionda investisiya qoymaq istəyən Fransa şirkətlərinə dəstək verəcək.

Fransanın müdafiə naziri Katerin Votren bildirib ki, konsulluğun açılması Qrenlandiyanın muxtariyyətinə hörmət əlamətidir və yerli hakimiyyətin mövqeyi ilə uzlaşır.

Beləliklə, Fransa Qrenlandiyada daimi diplomatik təmsilçiliyi olan ölkələr sırasına qoşulur. ABŞ adada artıq belə bir nümayəndəliyə malikdir, Kanada isə yaxın vaxtlarda konsulluq açmağı planlaşdırır.

Seçilən
48
2
azertag.az

3Mənbələr