İranda həyat bahalılığı səbəbilə başlayan etirazlar ölkə üzrə yayılarkən, ABŞ Prezidenti Donald Trampın ardıcıl sərt reaksiyaları Yaxın Şərqdə narahatlıqları artırıb. Trampın bir gün əvvəl verdiyi “İranlı vətənpərvərlər, etirazlarınızı davam etdirin. Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər iranlı rəsmilərlə bütün görüşlərimi ləğv etdim. Yardım yoldadır” bəyanatından sonra bir çox ölkə mümkün müdaxilə ehtimalına qarşı ard-arda İranla bağlı qərarlar qəbul etməyə başlayıb.
İsrail Nevatim Hərbi Hava Bazasını qismən boşaldır
İrana doğru hərəkətdə olan çoxsaylı gəmilər İran limanlarına daxil olmayaraq açıq sularda lövbər salıb. İsrail isə Nevatim Hərbi Hava Bazasının qismən təxliyəsinə başlayıb.
ABŞ və Böyük Britaniyadan Qətərdəki hava bazası ilə bağlı qərar
İrana mümkün hücum ərəfəsində ABŞ Hərbi Hava Qüvvələri Qətərdəki Əl-Udeyd bazasında yerləşən hərbi təyyarələrin təxliyəsinə başlayıb. Bazadan ən azı 6 ədəd KC-135 tipli yanacaq doldurma təyyarəsi ardıcıl havaya qalxıb.
Britaniya mediasının məlumatına görə, ABŞ-dan sonra Böyük Britaniya da Qətərdəki Əl-Udeyd Hava Bazasından əsgərlərini geri çəkmək qərarı alıb. Məsələ ilə bağlı açıqlama verən Müdafiə Nazirliyinin sözçüsü təhlükəsizlik səbəbilə qoşunların yerləşdirilməsi və geri çəkilməsi ilə bağlı detallar paylaşmayacaqlarını bildirib. Sözçü qeyd edib ki, prioritet hər zaman şəxsi heyətin təhlükəsizliyidir və buna geri çəkilmə halları da daxildir.
Həmçinin xəbərlərdə Cənubi Kiprdəki Britaniya hava bazasından bir tanker təyyarənin Qətərdəki bazaya doğru yola düşdüyü qeyd olunub.
Lufthansa İsrail və İran uçuşlarını dayandırdı
Almaniya da hərəkətə keçib. Alman hökuməti NOTAM yayımlayıb. Alman aviaşirkəti Lufthansa İsrail və İrana olan bütün uçuşlarını dayandırıb. Alman rəsmiləri aviaşirkətlərə İran hava məkanına daxil olmamaq barədə xəbərdarlıq göndərib.
İtaliya və Polşadan İrandakı vətəndaşlarına çağırış
İtaliya Xarici İşlər Nazirliyi İrandan çıxmaq imkanı olan İtaliya vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. Polşa Xarici İşlər Nazirliyi də bölgədəki son hadisələrdən sonra vətəndaşlarına “İranı dərhal tərk edin” xəbərdarlığı edib.