ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq sazişinin detalları İrəvanda birmənalı qarşılanmayıb.
Globalinfo.az xəbər verir ki, bir çox ekspertlər, həmçinin erməni vətəndaşlar sazişin xalqa təqdim edildiyi kimi heç də Ermənistan üçün faydalı olmayacağını bildirirlər.
Ermənistan-ABŞ Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Suren Sərkisyan sazişin İrəvanın təhlükəsizliyi üçün təminat verməyəcəyini deyib:
“Vaşinqtonla imzalanan sənədin realda Ermənistana sadəcə siyasi dəstəyi ola bilər. Bunu Ağ Evin ölkəmizə verdiyi təhlükəsizlik təminatı kimi dəyərləndirir və ictimaiyyətə belə təqdim etməyə çalışırlar, lakin doğru deyil. İrəvan sənədi imzalamaqla sadəcə strateji dialoq üçün ABŞ-dan status almış oldu. Prezident Co Bayden administrasiyası Ermənistanla bağlı siyasətini bu şəkildə sona çatdırır. Lakin iki ölkə arasında vəziyyətin gələcəkdə necə olacağı və imzalanan sənədin hansı səviyyədə həyata keçiriləcəyi yeni seçilmiş Prezident Donald Tramp administrasiyasından asılıdır”.
Erməni siyasi şərhçi Akop Bədəlyan isə Blinkenin İrəvanın İŞİD-ə qarşı koalisiyaya qoşulmasını elan etməsini gözlənilməz adlandırıb:
“Ermənistanın İŞİD-ə qarşı koalisiyaya qoşulması nə deməkdir? Niyə ölkəmizlə bağlı belə bir vacib məsələ Vaşinqtonda başqa bir dövlətin rəsmi nümayəndəsi tərəfindən elan olunur? Bu xəbəri Blinken açıqlayıb, Mirzoyanın bir neçə dəqiqə sonra onu yenidən təkrarlaması heç nəyi dəyişmir. Görünür, Ağ Evin İrəvanla strateji əməkdaşlıq sənədini imzalamaq üçün şərti bu olub. Ermənistan rəsmiləri isə son ana qədər xalqa bu məsələ ilə bağlı bir kəlimə belə məlumat vermədilər. Ölkəmizin təhlükəsizliyi üçün risklərin idarə edilməsi amili nəzərə alınmalıdır”.
Onun sözlərinə görə, imzalanan sənəd sadəcə yeni yaradılacaq komissiyanın işini əhatə edir:
“İmzalananlar saziş, müqavilə deyil, komissiya nizamnaməsidir. O sənədlərə əsasən iki ölkənin real strateji müttəfiq olduğunu demək çətindir. Məsələn, Azərbaycanla Ermənistan arasında da delimitasiya və demarkasiya komissiyalarının nizamnaməsi imzalanıb. Komissiyaların fəaliyyəti ona əsas həyata keçiririr. Yəni ABŞ-la yaradılan komissiyanın sənədi belə vəziyyətdə Bakı ilə imzalanan nizamnaməni xatırladır. O zaman biz Azərbaycanla da strateji əməkdaş olmuşuq? ”
Politoloq Azat Adamyan sözügedən sənədin Ermənistanın “təslim aktı” olduğunu bildirib:
“İrəvan Vaşinqtonda təslim oldu və bütün prosesi canlı yayımladılar. Hakimiyyətdən gedən Bayden administrasiyası ilə sənədin imzalanmasına sevinirlər. Amma Ermənistanda bir nəfər də olsun bütün bunlara çıxıb etiraz edən olmadı, heç kim münasibət bildirmədi”.
Qeyd edək ki, sazişə əsasən ABŞ-ın Ermənistana müxtəlif sahələr üzrə dəstək verməsi nəzərdə tutulub. Hətta birgə sərhəd xidmətinin həyata keçirilməsi üçün gələn həftə İrəvana xüsusi mühafizə qrupunun göndəriləcəyi açıqlanıb.
Ayşən Mustafa
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.