AZ

Müğənni Tərlan Oğuzlu: “ Bir zaman getməyə ünvanım olmadığından, gecələdiyim şadlıq saraylarında indi möhtəşəm toylar idarə edirəm”

Müğənni Tərlan oğuzlu ilə bağlı müsahibəni təqdim edirəm:

 

Tərlan bəy, istərdim oxucularımıza özünüzü təqdim edəsiniz.

 

Mən, Mikayılov Tərlan Ərəstun oğlu, 1988- ci ildə Oğuz rayonu Sincan kəndində dünyaya göz açmışam. Uşaq vaxtlarından musiqiyə hədsiz həvəs göstərdiyimdən, daima tədbir və şənliklərdə aktiv iştirakım olub. Müğənnilik fəaliyyətim uşaqlığımdan başlayır desəm, yanılmaram.

 

Uşaqlıq illərində ilk musiqiyə olan həvəsinizi necə xatırlayırsınız?

 

Mən uşaqlıqdan sintezatora maraq göstərmişəm. Açığı, ailəmdən dəstək almadığım üçün, yadımdadır ki, 2003- cü il idi və mən- balaca uşaq, meşədən odun toplayaraq, gətirib onu satardım ki, sintezator üzrə getdiyim dərslərin ödənişini qarşılaya bilim. Özümdə, xatırlayıram ki (gülür), çox zaman topladığım odunu rəhmətlik Afilə nənəmə satardım. Sintezatorla kiçik el şənliklərində ifalara qatılardım, çox zaman müğənni gəlmədikdə, mahnılar oxuyardım ki, hər kəs balaca olmağıma baxmayaraq, istedadlı olduğumu vurğulayardı. İcra nümayəndəliyindən valideynlərimə dəfələrcə təklif gəldi ki, “bu uşağa dəstək olaq, onu Bakıya oxumağa aparaq”. O zaman atam cavab verərdi ki: “Bəs mənim təsərüfatıma, çalıma- çəpərimə, bağ- büsatıma kim köməklik edəcək? 

 Musiqidən tamami ilə uzaqlaşdığınız dönəmlər olubmu və bu hansı vəziyyətlə əlaqədar idi?

 Mən əsgərliyə getdiyim dönəmdə, musiqidən tamamilə uzaqlaşmalı oldum. Həmin ərəfədə, hətta, düşündüm ki, yəqin artıq musiqi ilə umumiyyətlə yollarımı ayırmalı olacam. Çünki musiqi, yaradıcılıq sahəsi elə bir dünyadır ki, cəmi on- on beş gün kifayət edər ki, tamami ilə yadırğayasan. Əsgərlikdən sonra Bakıya qayıtdım və “Akkord” şirkətlər qrupuna aid kərpickəsən beton zavodunda fəhlə kimi işə düzəldim. 

      Qarşıma çox şanslar çıxırdı, imkanlı qardaşlar olub müdir heyyətimdən ki, mənim mərifət və qanacağımı vurğulayaraq, dəstək olduqlarını bildiriblər və musiqi sahəsində zirvəyə qalxmağım üçün hətta 40 min manat təklif ediblər ki, sonradan bu məbləği elə onlara məxsus restoranlarda çalışa- çalışa da ödəyə biləcəkdim. Lakin, evə zəng etdiyimdə, valideynim məbləğin çoxluğundan ehtiyat edərək, “biz evdə olan- qalan nəyimizi satsaq da, bu pulu ödəyə bilmərik”- deyə, təklifdən imtina edib.

 Hiss olunur ki, həyatınızda əziyyətli vaxtlarınız daha çox olub. Ən çox sizin hafizənizdə qalan əziyyətli dönəmi necə xatırlayırsınız?

Hal- hazırda məşhurluğu ilə yaxşı anlamda seçilən Ərzurum restoranında bir zamanlar getməyə yerim, qalmağa evim olmadığından, çox zaman bəylə- gəlin kürsüsünün altında gecələməli olurdum. İndi isə sözü gedən restoranlarda əsas toyları idarə edirəm. Mən hər zaman adımı- sanımı qorumuşam, heç zaman haram tikəyə əl uzatmamışam, nəfsimin qurbanına çevrilməmişəm. Düşünmüşəm ki, mənim də evimdə 3 qız uşağı böyüyür və qız övladı tez boya- başa çatır. Böyük övladım artıq 6- cı sinifdə oxuyur. Sabah- birigün qapı döyüləcək, elçiliyə gələn kəslər maraqlanacaq, təbbi ki ətraf da məlumatlandıracaq və mən istəmirəm ki, zərrə də olsa övladlarımın, ailəmin üzərinə mənə görə hansısa kölgə düşə.

            İndiyə qədər bu yerə cırmaq- cırmaq, min əziyyətlə gəldim, bir günü ac, bir günü tox dolandım, amma kimsə deyə bilməz ki, mən indiyənə qədər kimisə aldatdım, ya da ki yarı yolda qoydum. Bir xasiyyətim də var ki, hörmət görmədiyim yerdə, azacıq da olsa, hiss etsəm ki, gəlişim narazılığa səbəb olub, çox dayanmıram. Ümumiyyətlə, sevmədiyim mühitdə məni görə bilməzsiniz. 

Bir çox müğənnilər var ki, sənətdən uzaq duet ortaqları seçir, qəribə geyim nümayiş etdirən, maraq doğuran xanım – həmkarları ilə reytinq xatirinə mahnı ifa edirlər. Bu cür hallara münasibətiniz?

Sizə bir hadisə danışacam; restoranların birində ofisant çalışdığım dönəmdə, bir ailənin xəyanət dramının şahidi oldum. Təsəvvür edin ki, bir restoranda təsadüfən həm ər, həm də arvad uşağı ilə bərabər biri digərindən xəbərsiz gəlmişdilər ki, ər burada başqa qadınla həyat yoldaşını aldadaraq, kabab qonaqlığına qatılmışdı. Kişinin uşağı atasını görcək, qaça- qaça onun üzərinə gəlib pul istədi; kişi hər kəsin yanında ona qışqıraraq, dərhal evə getməyini əmr etdi. 

    Bu hadisə mənim yaddaşımda olmazın iz saldı və mən söz verdim ki, heç zaman ailəmə, uşağıma gələcəkdə bu cür davranmaram. Bayaq da qeyd etdiyim kimi, daima adımı- sanımı qorudum, ona görə də, siz mənim yanımda sənətdən bixəbər, bayağı üslubda sırf reytinq xatirinə kimisə görə bilməzsiniz.   

 

Sevindirici haldır ki, bir daha sırf sənəti seçdiyinizi qeyd etdiniz. İfalarınızda ən çox sevdiyiniz mahnı hansıdır və yaxın zamanlarda yeni ifalar gözlənilirmi?   

 

Ən çox sevdiyim mahnı- “Ağ göyərçin” mahnısıdır. Bir çox yeni mahnılar var ki, sözləri və musiqisi özümə aiddir.  

 

Tərlan oğuzlu film və ya reklam sahəsinə dəvət alarsa qəbul edərmi?

 

 Açığı, mən hara gedirəmsə, simaca tanınıram. Qeyd edim ki, Tik- tok platformamda minlərcə izləyicim var ki, insanlar hər çəkilişimi xüsusi maraq və diqqətlə izləyir. Təbii ki, klip çəkilişi və digər maraqlı qısametrajlı filmlərdə yer almaq zövqümcə ola bilərdi. Mənim balaca qızımla çəkdiyim videorolik də izləyicilərim tərəfindən böyük rəğbətlə qarşılandı. Hətda, bir dəfə qəfil ailəmlə gəzintiyə çıxdıq. İdeya və təklif mənə məxsus olduğundan, məkanı da mən seçdim; Quba yolunda, təbiətin qoynunda süfrə açaraq şənləndik və bu xatirəni lentə aldım ki, hər kəs şərhlərdə yalnız bəyəndiyini qeyd etdi. Ümumiyətlə, yeniliyi və qeyri- adiliyi sevirəm və bu yalnız həyat tərzimdə deyil, yaradıcılığımda da əks olunur. Söz verirəm ki, izləyicilərimi daha maraqlı və yeniliklərlə bol ifalarımla yaxşı anlamda təəccübləndirəcəm; yetər ki, onlar daima məni izləməkdə olsunlar. Bu sənət fədakarlıq tələb edir ki, mən bu yerə qədər alnım açıq, dişimlə- dırnağımla min- bir əziyyətlə gəlib çıxmışam və söz verirəm ki, ciddiyətimi və təmiz adımı qorumaqla, sevdiyim sənəti davam etdirəcəm və məni sevənlərin etimadını tam doğruldacam...

 

Aynur Nurlu              

 

 


Seçilən
41
azia.az

1Mənbələr