AZ

Daşlara həkk edilmiş salnamələrin tədqiqatçısı

Görkəmli alim, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Məşədixanım Nemət 1924-cü il yanvar ayının 5-də Bakının II Zabrat kəndində dünyaya göz açıb. Uşaq vaxtlarında taleyi üzünə gülməyib. Valideynlərini itirən Məşədixanım böyük çətinliklər çəkməli olub.

Ömrünün o ağır və keşməkeşli illəri xatirələrində belə iz salmışdı: "Valideynlərimi erkən itirmişəm, həyatın çox çətinliklərindən keçmişəm. 1936-cı ildə kolxozlar yaradılarkən atamın əmlakını alıb kolxoza verdilər. Atam bu haqsızlığa dözməyərək vəfat etdi. Buna qədər anam da dünyasını dəyişmişdi. Böyük qardaşımın himayəsində böyüdük. Çox ağır dövr idi. Çətinliklərə baxmayaraq, məktəbdən qalmırdım. Qardaşım hər səhər məni məktəbə aparar, özü isə zavoda işə gedərdi. 8 nəfərlik ailəni qardaşım tək saxlayırdı". Ancaq həyat yenə də onu çox ağır sınağa çəkib. Dünyanı lərzəyə salan müharibənin fəlakəti onları yasa batırıb. Otuz bir yaşlı qardaşı müharibəyə gedib. Cəbhədə həlak olub. Ailənin yükünü Məşədixanım öz zərif çiyinlərinə götürməli olub. 

Həmin illərdə çox ağrı-acılar çəkməli olublar. Ancaq gördüyü məhrumiyyətlər Məşədixanımı ruhdan sala bilməyib. Təhsildən uzaqlaşmayıb. Böyük ümidlə, tükənməz arzularla gələcəyə üz tutub.

O, 1941-ci ildə orta məktəbi başa vurub. Yolunda maneəyə çevrilmiş çətinlikləri aşaraq ali təhsil almağa səy göstərib. Nəhayət, istəyinə çatıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nin) Filologiya fakültəsinə daxil olub. Məşədixanım Nemət müsahibələrinin birində həmin günləri belə xatırlayıb: "1943-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Sonra yeni açılan Şərqşünaslıq fakültəsindən xoşum gəldiyi üçün müəllimimiz Mir Cəlal Paşayevdən xahiş etdim ki, məni həmin fakültəyə keçirsin. Həm oxuyurdum, həm də işləyirdim. İlk iş yerim tikiş fabriki olub. O vaxt artel deyərdilər. Tələbəlik illərimdə isə müəllimlərimin köməyi ilə Azərbaycan Radiosunun fars dili şöbəsində tərcüməçi kimi çalışmağa başladım. O vaxt makinada da yazırdım. Müharibədən sonra vəziyyətimiz yaxşılaşdı". 

Məşədixanım 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Daim oxumağa, yeni biliklər öyrənməyə meyilli olan gənc həyatını elmə həsr etmək qərarına gəlib. Bu məqsədlə Azərbaycan SSR Elmlər Akademiyasının (EA) Tarix İnstitutunun aspiranturasına daxil olub. 1948-1953-cü illərdə həmin institutun aspirantı olub və  elm yolunda ilk, qətiyyətli addımlarını atıb. 

Məşədixanım Nemət 1954-cü ildə namizədlik, 1968-də isə doktorluq dissertasiyasını müdafiə edib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilib.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə Məşədixanım Nemət Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə, "Şöhrət" ordeninə layiq görülüb.

O, elmi fəaliyyəti boyunca çox çətinliklərdən keçməli olub. Çünki asan yol seçməyib, tarixin ən çətin, ən mürəkkəb elm sahələrindən biri - epiqrafika üzrə nəinki ölkəmizdə, bütün dünyada nadir mütəxəssislərdən biri olub.  Görkəmli alim mənalı həyatını bu sahəyə həsr edib.

Bu sahədə çalışan tədqiqatçının "elmi laboratoriyası" rahat kabinetlər deyil, açıq səma altındakı tarixi məkanlardır. Həmin məkanlara çatmaq, orada bəzən günlərlə, aylarla tədqiqat aparmaq üçün o, çox vaxt təhlükəli, uçurumlu dağ cığırlarından keçib. Ot basmış, ilanlı Orta əsr qəbiristanlıqlarında, qızmar günəş altında saatlarla ara vermədən çalışıb. Məşədixanım Nemət heç kəsin oxuya bilmədiyi, əsrlərin şahidi olan daşlarla "dil tapıb".

Daş kitabələrimizi oxumaq üçün epiqraf tədqiqatçıdan yalnız ərəb və fars dillərini mükəmməl bilmək tələb olunmur. Eyni zamanda kitabələrin aid olduğu müxtəlif elm sahələrini, onların problemlərini dərindən bilməlisən ki, yüzlərlə məzar daşı arasından elmi baxımdan dəyərli olanları seçməyi bacarasan. Belə bir mütəxəssisi heç bir ali məktəb yetişdirmir - bu sahənin adamları fitri istedad və böyük fədakarlıq sayəsində formalaşırlar. Elə bu səbəbdəndir ki, dünyada bu sahə üzrə alimlərin sayı çox azdır.

Məşədixanım Nemət altmış illik elmi fəaliyyəti boyunca Azərbaycanın bütün tarixi ərazilərini dolaşaraq ərəb qrafikasının müxtəlif xətlərlə yazılmış ərəb, fars və türk dillərində kitabələri oxuyub, daşlara həkk edilmiş tarixi salnamələri məsuliyyətlə araşdırıb. Onun tədqiqatları nəticəsində ölkənin iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq və sənətşünaslıq, filologiya, islam fəlsəfəsi və sufizm, toponimika, etnoqenez kimi sahələr üzrə çoxlu sayda son dərəcə dəqiq tarixi məlumatlar əldə olunub. 

Yorulmaz tədqiqatçı Məşədixanım Nemət uzun illər Ermənistanın işğalında qalan torpaqlarımızın epiqrafik irsinin Azərbaycan xalqına məxsusluğunu danılmaz faktlarla təsdiqləyib. Görkəmli alimin araşdırmaları nəticəsində bir sıra memarlıq abidələrinin təyinatı və tarixi dəqiqləşdirilib. 

Tədqiqatçı ümumilikdə 2500-dən artıq epiqrafik abidəni toplayaraq oxumuş, onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu zəngin elmi fəaliyyətin nəticəsi olaraq Məşədixanım Nemət 12-dən çox monoqrafiyanın, 200-dən artıq elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu" fundamental nəşrinin müəllifidir.

Məşədixanım Nemət epiqrafikanı Azərbaycanda ayrıca elmi fənn kimi formalaşdırıb. Onun fəaliyyəti yalnız kitabələrin aşkar edilməsi, oxunması və nəşri ilə məhdudlaşmayıb. Alimin uzun illik tədqiqatları nəticəsində əldə edilən epiqrafik materiallar Azərbaycan tarixinin bir çox konseptual problemlərinin araşdırılmasında mühüm mənbə rolunu oynayır.

Məşədixanım Nemət 2016-cı il dekabrın 27-də 92 yaşında dünyasını dəyişib. Zabrat qəbiristanlığında dəfn olunub.

Ömrünü xalqının tarixi yaddaşını qorumağa həsr etmiş görkəmli alimin özündən sonra da əsərləri tarix elmimizə əvəzsiz xidmət edir. Daşlara həkk olunmuş tariximizi oxumuş Məşədixanım Nemətin adı Azərbaycan elminin yaddaşına əbədi həkk olunub.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr