AZ

Azərbaycanın Quzeyindən Güneyinə bir baxış

Günümüzdə İran adlanan ölkədə baş verənləri yalnız etirazlar və ya sırf iqtisadi gərginliklər pərdəsində yorumlamaq doğru olmazdı; budur, biz sistem böhranının açıq mərhələsinə keçidi görməkdəyik. Bu böhran özünü bir neçə qatda göstərir: 
legitimlik böhranı, 
idarəetmə böhranı və nəhayət, 
dövlət-toplum münasibətlərinin mahiyyət böhranı.

40 ildən artıq illər içində “paralel hakimiyyət” modeli ilə idarə olunan İranda formal seçkili institutlar var, bəli, amma gerçək qərarvermə başqa mərkəz(lər)in əlindədir. Belə struktur, necə deyərlər, məsuliyyəti dağıdır, islahat imkanlarını tükəndirir və toplumda “tıxanıqlıq” hissini dərinləşdirir. Bugünkü etiraz dalğaları da yığılmış enerjinin məhz bu səbəbdən üzə çıxması kimi xarakterizəni haqq edir.

Radikal və ani dəyişiklik ssenarilərinə ustuf-ustuf yanaşmağın zərəri yoxdur; özəlliklə də, sürətli dəyişimə hazır resurslar mövcud deyilsə... Bəli, İran nə İraqdır, nə Liviya, nə də Suriya. Burada, elə bizim güneyli soydaşlarımızın da içində yer aldığı və xəfifə alınmamalı dövlət gələnəyi, güclü təhlükəsizlik mexanizmi və mürəkkəb sosial-milli struktur var. Odur ki, ya islahatların məcburi şəkildə gündəmə gəlməsi, ya da daha sərt mərkəzləşmə ssenariləri mümkündür. Bax, hər iki halda, İran toplumunun tələblərinin köhnə ideoloji qəliblərə sığmadığı və bunun siyasi modeldə dəyişiklik zərurəti yaratdığı aydındır.

Bu fonun içində Fars-Molla rejiminə qarşı aksiyalar zamanı Pəhləvi tərəfdarlarının canlanması ayrıca suallar doğurur. Güney azərbaycanlıların aksiyalara kütləvi şəkildə qoşulmamasını passivlik kimi yozmaq yanlış olardı. Bu, tarixi yaddaşdan, siyasi təcrübədən və rasional mövqedən qaynaqlanan ehtiyatlı davranışdır. “İlan vuran ala çatıdan qorxar” – atalarımız belə deyib – indi, “İran (yəni rejim) vuran alaçatıdan ehtiyat edər” desək yanlış olmasın gərək. Ustad Şəhriyar necə deyib? -

“…Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan!
Bisütuni-İnqilabda Şirin – Vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan!
 
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız demiş “heçdir vətənsiz can”, Azərbaycan!
Qurtarmaqçün zalımların əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan”! – Bu misralar bugünkü Güneyin ruh halını daşımırmı?..

Pəhləvi dönəmi Güney azərbaycanlıların milli hüquqları baxımından yarıtmaz olub: 
ana dilinin yasaqlanması, 
mədəni əritmə siyasəti, 
ifrat mərkəzçi fars millətçiliyi və s. – bunlar həmin dönəmin acı təcrübəsidir. Buna görə molla rejiminə etiraz avtomatik olaraq şahlıq nostaljisini qəbul etmək demək deyil, əlbəttə.

Güney üçün əsas meyar rejimin adı yox, mahiyyətidir: ana dilində təhsil olacaqmı, 
milli-mədəni hüquqlar tanınacaqmı, 
gerçək siyasi təmsilçilik təmin ediləcəkmi? – Bu suallara inandırıcı cavab verilmədən heç bir siyasi xətt – istər teokratik, istər monarxik – geniş sosial dəstək qazana bilməz.

Ayrıca, idarəolunmayan xaos ən çox bölgələri vurur. Güneylilər birdən-birə partlaq verəsi küçə hərəkatlarının böyük güclərin geosiyasi oyunlarına çevrilməsi riskini də hesablayır. Bu isə uhulət-suhulətli – yəni ölçülü-biçili mövqe tələb edir.

Nəhayət, Güneydə toplum etirazdan çox 
aydın, işlək siyasi proqram gözləyir: 
hüquqların təminatı, 
gerçəkçi bölgəsəl özünüidarəetmə, 
ən azı, ən azı mədəni muxtariyyət, 
ana dilində kamil, əlçatan təhsil və 
iqtisadi ədalət. – Göründüyü kimi, proqram olmadan kütləvi səfərbərlik anlamsızdır.

Beləliklə, Güneyin mövqeyi nə tərəfsizlikdir, nə də biganəlik. Bu, tarixi yaddaşa söykənən siyasi bilinc mövqeyidir: ədalət olmadan dəyişiklik – dəyişiklik deyil; dəyişiklik olmadan da ədalət mümkün görünmür. Görünür, soydaşlarımız qeyri-səlis məntiqlə – klassik sxemlərə sığmayan çevik və situativ qərarlarla hərəkət etməli olacaq.

İndi isə yığcam şəkildə geosiyasi baxışa bir göz ataq:
-ABŞ və Qərb, Rusiya və Çin üzdə bir söz deyib, arxada başqa iş çevirmə potensialına malikdirlər. Qalxıb – əsas hədəf bölgəsəl sabitlikdir, “nüvə işi”nin nəzarətdə saxlanmasıdır; xaos istəmirik yaxud status-kvonun kəskin pozulmasına qarşıyıq – desələr, səmimiyyətlərinin dərinliyinə, üfüqsnə inanacağıqmı?

Biz özümüzə inanırıq, çün sözümüzün yiyəsiyik, sözümüzü yeyəsi deyilik. Üç qardaş – Türkiyə-Azərbaycan-Pakistan – bunlar təhlükəsizlik, suverenlik və türk-müsəlman toplumlarının hüquqları prizmasından ehtiyatlı, prinsipial mövqe yiyəsidirlər.
Türk xalqlarının hüquqları və mədəni təhlükəsizlik həmişə Türk Dövlətləri Təşkilatının (TDT-nin) gündəmində olub. TDT açıq müdaxilədən çox diplomatik dəngəni üstün tutur. 

İranın dağılması bölgəsəl dəngəni yerində oynadaraq riskə atar.
İran böhranı çoxqatlı sistem sarsıntısıdır. Güney Azərbaycanın ehtiyatlı mövqeyi isə passivlik sayıla bilməz, əksinə, siyasi yetkinlik göstəricisi kimi qəbul edilə bilər. Bu yetkinlik olmadan nə dəyişiklik dayanıqlı olar, nə də ədalət.

Eşitdiyimiz, gördüyümüz, bildiyimiz az-çox nə bilgi varsa, onların əsasında ehtiyatlı davranışımız, ölçü-biçili incələmələr, vurğular, formullar öz yerində, təzad çıxmazsa, deyim – bir də Şəhriyarın poetik formulu var:

Şəhriyarın ürəyi də səninki tək yaralıdır
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

Bəlkə də, Güneyin mövqeyi bugünün deyil, sabahın hesab-kitabı ilə formalaşır… 

BAYRAĞIMIZ UCA OLSUN!

Əkbər QOŞALI

Seçilən
0
herbiand.az

1Mənbələr