ABŞ-nin NATO-dakı daimi nümayəndəsi tərəflərin razılaşmaya son dərəcə yaxınlaşdığını bildirib...
Poliqon xəbər verir ki, ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker Ukrayna üzrə danışıqlarda iştirak edən tərəflərin münaqişənin həllinə indiyədək olmadığı qədər yaxın olduqlarını bəyan edib. Onun sözlərinə görə, prosesin son mərhələsi çətin olacaq, lakin yekun razılaşmanın əldə olunacağına dair nikbinlik mövcuddur.
Uitaker bu fikirləri Kaliforniyada ABŞ-nin sabiq prezidenti Ronald Reyqanın adını daşıyan Prezident Fondu tərəfindən təşkil olunmuş tədbirdə çıxışı zamanı səsləndirib. Tədbirin yayımı fondun YouTube kanalında canlı göstərilib. O qeyd edib: «Bu münaqişə bitməlidir. Biz heç vaxt indiki qədər yaxın olmamışıq… Amerika futbolunda son yard, yəni qırmızı zonada irəliləmək ən çətin mərhələ sayılır. Düşünürəm ki, eyni yanaşma burada da keçərlidir. Son yard asan olmayacaq, amma mənim yaxşı hisslərim var», — Metyu Uitaker.
Xatırladaq ki, yanvarın 14-də ABŞ prezidenti Donald Tramp Rusiyanın hərbi əməliyyatları dayandırmağa hazır olduğunu, Ukraynanın isə potensial sülh sazişinin bağlanmasına maneçilik törətdiyini bildirib. Trampın sözlərinə görə, Moskva kompromisə açıqdır, Kiyev isə bu məsələdə daha ehtiyatlı mövqe tutur.
Bloomberg agentliyinin məlumatına əsasən, yanvar ayında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Moskvaya səfər etməyi planlaşdırırlar. Məqsəd Rusiya rəhbərliyinə Ukrayna üzrə yenilənmiş sülh planını təqdim etmək və danışıqlar prosesini yeni mərhələyə çıxarmaqdır. Analitiklər hesab edirlər ki, bu səfər münaqişənin diplomatik həlli baxımından həlledici ola bilər.
Poliqon.info