“TRİPP layihəsinin həyata keçirilməsi tək Azərbaycan üçün deyil, əksər dünya ölkələri üçün faydalıdır və vacibdir. Prezidentimizin dediyi kimi burada uduzan tərəf yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
Onun sözlərinə görə, layihənin bünövrəsi Vaşinqton görüşündə qoyulub: “Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Tramp birlikdə razılığa gəldilər və Trampın iştirakı, şahidliyi ilə razılaşmalar oldu, sənədlər imzalandı. Layihənin adını da Tramp özü qoydu. Burada çox qazanc götürənlərdən biri məhz elə Ermənistan olacaq. Ermənistan ərazisindən məhz bu qədər yüklər daşınacaq. Ermənistan həm də dünyaya çıxış əldə edəcək. Erməni siyasətçilər bunu başa düşüb bəyənirlər ki, Paşinyan bu işi görməklə düz hərəkət edib. Razılaşmalardan sonra Ermənistanla Azərbaycan arasında müəyyən iqtisadi anlaşmalar da baş verib. Bu münasibət inkişaf edəcək. Artıq Ermənistan tərəfi dərk edir ki, onların mövcudluğu, inkişafı üçün Azərbaycan, Türkiyə ilə münasibətlər yaxşılaşdırılmalı, əlaqələr genişləndirilməlidir. Türkiyə bu məsələni dəstəkləyən ən önəmli tərəflərdən biridir. Bu məsələlərdə Türkiyənin iştirakı vacib və zəruridir. Rusiya ilə İran bu məsələyə əvvəlcədən mənfi münasibət göstəriblər. “Bizim razılığımız olmadan bu layihə həyata keçirilə bilməz” kimi bəyanatlar verilib. Ermənistan Baş Naziri qərar verib ki, Türkiyə-Ermənistan sərhədlərindən rus əsgərləri kənarlaşdırılsın və s. Bu bizə deməyə əsas verir ki, artıq bölgədə uzun illər hökmranlıq edən imperiya siyasətini bu gün davam etdirən Rusiyanın təsiri müəyyən qədər məhdudlaşır”.
Şəhanə Quliyeva