Bakı, 15 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Ağdərə rayonuna səfəri bir sıra mühüm hadisələrlə yadda qaldı. Səfər həm də Qarabağda həyata keçirilən bərpa və yenidənqurma siyasətinin mövcud mərhələsinin vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqat institutları və beyin mərkəzləri tərəfindən obyektiv və çoxşaxəli şəkildə təhlil edilməsi üçün geniş analitik imkanlar yaradır. Səfər çərçivəsində təqdim olunan statistik göstəricilər və planlaşdırma sənədləri göstərir ki, bölgədə aparılan işlər artıq ilkin bərpa mərhələsindən çıxaraq dayanıqlı məskunlaşma və regional inkişaf mərhələsinə daxil olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova söyləyib.
Onun sözlərinə görə, Ağdərə rayonunun Aşağı Oratağ, Çapar və Heyvalı kəndləri üzrə açıqlanan rəqəmlər bərpa prosesinin miqyasını və strukturunu aydın şəkildə ortaya qoyur. Məsələn, Aşağı Oratağ kəndində mövcud olan 308 fərdi yaşayış evindən yalnız 148-nin tam yararsız, qalan hissəsinin isə bərpa potensialına malik olması göstərir ki, dövlət bu ərazidə tamamilə yeni yaşayış massivləri salmaqdan daha çox, mövcud məskunlaşma strukturunun bərpasına üstünlük verir. Bu yanaşma həm vaxt, həm maliyyə, həm də sosial adaptasiya baxımından daha səmərəli model kimi qiymətləndirilə bilər. Eyni zamanda, bərpa olunan evlərin sayı ilə qayıdan ailələrin nisbəti qayıdış prosesinin təklif-tələb balansı əsasında mərhələli şəkildə həyata keçirildiyinin bariz nümunəsidir. Bu, həmçinin bölgədə ani demoqrafik sıçrayışların deyil, idarəolunan məskunlaşmanın hədəfləndiyini göstərir.
Ş.Səfərova bildirib ki, Ağdərənin kəndlərində paralel şəkildə yol, su, elektrik, qaz və rabitə xətlərinin qurulması bərpa prosesinin funksional xarakter daşıdığını göstərir. Çünki post-münaqişə zonalarında məskunlaşmanın uğurunun məhz bu komponentlərin sinxron icrasından asılı olduğu özünü təcrübədə də büruzə verir. Bu baxımdan, Ağdərədə seçilmiş model, yəni əvvəl infrastrukturun tam təmin olunması, sonra mərhələli qayıdış, təkrar miqrasiyanın qarşısının alınmasına yönəlmiş preventiv siyasət kimi dəyərləndirilə bilər. Bu yanaşma “Böyük Qayıdış” Proqramının uzunmüddətli sosial davamlılıq hədəfləri ilə tam uyğunlaşır.
Bununla yanaşı, səfər zamanı dövlətimizin başçısına təqdim olunan Ağdərə şəhərinin Baş planı bölgənin gələcək inkişafına dair mühüm analitik göstəricilər ortaya qoyur. Şəhər ərazisinin 522 hektara qədər genişləndirilməsi və 20 illik dövrdə əhalinin 14 min nəfərə çatdırılması proqnozu Ağdərənin kənd tipli rayon mərkəzi deyil, funksional regional şəhər kimi planlaşdırıldığını göstərir. Bu proqnozlar bir neçə mühüm məqamı əks etdirir:
• dövlət bölgədə uzunmüddətli məskunlaşmaya inanır;
• sosial xidmətlərin (təhsil, səhiyyə, inzibati xidmətlər) mərkəzləşdirilməsi planlaşdırılır;
• Ağdərənin ətraf kəndlər üçün iqtisadi və sosial cazibə mərkəzinə çevrilməsi hədəflənir.
Beləliklə, baş plan yalnız memarlıq sənədi deyil, demoqrafik və iqtisadi strategiyanın ərazi üzərində real tətbiqidir.
QHT sədri bildirib ki, Ağdərə-Tərtər zonasında fəaliyyət göstərən su elektrik stansiyalarının regionun enerji balansında rolu xüsusi diqqətə layiqdir. Yaşıl enerji istehsalı ilə bağlı təqdim olunan göstəricilər Qarabağda bərpanın təkcə sosial deyil, iqtisadi özünütəminetmə məqsədi daşıdığını göstərir. Bu yanaşma isə dövlət büdcəsinin uzunmüddətli yükünün azaldılması, regionun enerji xərclərinin optimallaşdırılması, ekoloji risklərin minimuma endirilməsi kimi strateji nəticələr yaradır. Bu baxımdan, Qarabağda tətbiq edilən model klassik bərpa yanaşmasından fərqli olaraq inkişaf-əsaslı bərpa kimi xarakterizə edilə bilər.
“Ümumilikdə Prezidentin Ağdərəyə səfəri göstərir ki, Qarabağda aparılan bərpa siyasəti artıq obyekt mərkəzli deyil, sistem mərkəzli mərhələyə keçib. Statistik göstəricilər, baş planlar və infrastruktur yanaşması onu sübut edir ki, “Böyük Qayıdış” Proqramı tədricən regional inkişaf strategiyasına transformasiya olunur. Bu mərhələdə əsas çağırışlardan biri də Prezident İlham Əliyevin həm yerli mediaya verdiyi son müsahibədə, həm də dövlət proqramlarının icrası ilə bağlı keçirilmiş son müşavirədə vurğuladığı kimi, əldə olunan nəticələrin ölçülməsi və monitorinqinin aparılması, sosial təsirin qiymətləndirilməsi, eləcə də ictimai nəzarət mexanizmlərinin institusional əsasda gücləndirilməsidir”, - deyə Ş.Səfərova əlavə edib.