AZ

Milli müdafiə sənayesi: 20 ildə keçilən uğurlu yol

Ölkəmizdə dövlət siyasətinin prioritetləri mövcud imkanlar və reallıqlar, eləcə də  yaranan yeni çağırışlar nəzərə alınmaqla müəyyənləşir. Müstəqil Azərbaycanda qısa müddətdə müdafiə sənayesinin qurulması bunun əyani təsdiqidir. Bu istiqamətdə mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi, yenilərinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində respublikamızda müdafiə sənayesinin inkişafından, burada rəqabətqabiliyyətli məhsulların istehsalının mənimsənilməsindən məmnunluğunu bildirib və yeni hədəflərə diqqət çəkib.

İnkişafı şərtləndirən əsas amillər

Müstəqil Azərbaycanda son dərəcə vacib sahə olan müdafiə sənayesinin yaradılmasını və inkişafını şərtləndirən iki mühüm amilə xüsusi diqqət çəkmək istərdik. Bunlardan ən mühümü, heç şübhəsiz ki, daxili tələbatın ödənilməsi zərurəti ilə bağlıdır. Müdafiə Sənayesi Nazirliyinin (MSN) fəaliyyət istiqamətlərinə əsas etibarı ilə Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını təmin etmək daxildir. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesində əldə olunan razılaşmallarla regionda sülh dövrü başlasa da, Azərbaycan gözlənilən riskləri nəzərə almaqla özünün yeni təhlükəsizlik arxitekturasını formalaşdırır, ordusunun döyüş hazırlığının yüksəldilməsi siyasətini davam etdirir, Silahlı Qüvvələrin maddi-texniki təchizatının daha da möhkəmləndirlməsi qayğısına qalır. Əgər Azərbaycanın hərbi-müdafiə və təhlükəsizlik  xərcləri 2003-cü ildə 150 milyon manat idisə, hazırda 8 milyard manatdan çoxdur. Yəni son 22 ildə hərbi xərclər təxminən 40 dəfə artırılıb. Ötən il Prezident İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Cari ildə isə müfafiq sahəyə 8 milyard 714 milyon manat vəsait ayrılması nəzərdə tutulub ki, bu da ümumi büdcənin 21 faizi deməkdir.

O cümlədən Ordumuzun güclənməsində milli müdafiə sənayesinin rolu getdikcə artır. Prezident İlham Əliyevin müsahibəsində vurğu etdiyi kimi, yerli sənayedə buraxılan məhsulların bir qismi daxili tələbatın ödənilməsinə yönəldilir. Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki təchizatına xidmət edən müdafiə sənayesinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsi ölkənin müdafiə qabiliyyətini yüksəldir, ordumuzun təchizatının ixracdan asılılığını aradan qaldırır. Ötən il respublikamızın müdafiə sənayesi müəssisələrində 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal eddilib ki, onların da böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinin təchizatına yönəldilib.

Ölkəmizdə müdafiə sənayesinin inkişafına həssas yanaşılması, həmçinin dünyadakı narahat vəziyyətdən qaynaqlanır. Təəssüf doğuran haldır ki, hazırda dünyanın mənzərəsi ayrı-ayrı regionlarda alovlanan müharibələrlə səciyyələnir. Buna uyğun olaraq da qlobal miqyasda hərbi təyinatlı məhsullara tələbat artır. Bu reallığı nəzərə aldıqda müdafiə sənayesinin inkişafı Prezident İlham Əliyevin də bildirdiyi kimi, ölkəmiz üçün alternativ valyuta mənbəyinə çevrilə bilər. Yəni müdafiə sənayesi milli iqtisadiyyatımızın qeyri-neft sektorunun mühüm bir istiqaməti kimi inkişaf etdirlir, xarici bazarlara böyük tələbat duyulan məhsullar çıxarılır və beləliklə də  ölkəmizin gəlir imkanları artırılır. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir  ki, bu da böyük uğurdur. Hədəf isə ixrac coğrafiyasını və həcmlərini daha da artırmaqdır. Bununla bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev bildirib: “Yenə də deyirəm, ilkin mərhələdə məqsəd ancaq idxaldan asılılığı azaltmaq idi. Bu gün isə biz buna, o cümlədən biznes istiqaməti kimi baxırıq. Çünki dünyada, əfsuslar olsun ki, müharibələrin sayı artır, hərbi təyinatlı məhsullara tələbat artır. Onların qiyməti kəskin artıb. İlk növbədə, sursatların qiyməti kəskin artıb. Ona görə bu, bizim üçün alternativ valyuta mənbəyi ola bilər və qoyduğum qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır. Hesab edirəm ki, biz bu rəqəmə üç-dörd ilə çata bilərik. Bu, tam realdır”.

1000-dən çox adda məhsul...

Ölkəmizdə müdafiə sənayesinin əsası Prezident İlham Əliyevin 2005-ci il dekabrın 17-də imzaladığı müvafiq Sərəncamla qoyulub. Dövlət başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 2019-cu il 14 yanvar tarixində isə Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb. Fərmanla Müdafiə Sənayesi Nazirliyinin əsasında formalaşan “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə yaradılıb. Hazırda “Azərsilah” qabaqcıl texnologiyaları tətbiq etməklə respublikamızda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxs kimi uğurla fəaliyyət göstərir.

Müsahibədə vurğulandığı kimi, müdafiə sənayesində struktur islahatları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilib. 20 il əvvəl müdafiə sənayesi dövlətin inhisarında olan bir sahə kimi nəzərdə tutulurdu. Silah istehsalı üzrə dünyada öncül mövqelərdə dayanan ölkələrdə özəl şirkətlər də bu sahənin inkişafına öz töhfələrini verirlər. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan da bu təcrübədən yararlanmağa qərar verib. Nəzərə almaq lazımdır ki, özəl şirkətlərin müdafiə sənayesi sahəsində fəaliyyətə cəlb edilməsi həm də dövlətin maliyyə yükünün azaldılması anlamına gəlir. “Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi. Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu sahə lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə baxsaq görərik ki, yeni istehsal sahələri yaratmaq və mövcud olanları genişləndirmək üçün 2024-2025-ci illərdə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən qoyulubdur”, - deyə Prezident İham Əliyev vurğulayıb.

Davamlı dövlət qayğısının, aparılan islahatların  nəticəsi olaraq ötən 20 ildə milli müdafiə sənayemizdə həm buraxılan hərbi təyinatlı məhsulların həcmi və qəqabətqabiliyyətliliyi, həm də çeşidləri əhəmiyyətli dərəcədə artıb.  Qeyd edək ki, artıq yerli sənaye müəssisələrində 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsalı mənimsənilib və yeni məhsulların kütləvi istehsalına başlanılması istiqamətində işlər intensiv şəkildə davam etdirlir. Vurğulamaq yerinə düşər ki, milli müdafiə sənayemizin bir sıra yeni məhsulları ötən il noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda nümayiş etdirildi. Bu sırada silahlanmaya yeni qəbul edilmiş “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələrini,  “VİKİNQ” hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksini, pilotsuz uçuş aparatlarını və digərlərini sadalaya bilərik.

Beynəlxalq sərgilərdə yüksək fəallıq

Artıq Azərbaycanın müdafiə sənayesi müəssisələrində buraxılan yüksək texniki göstəricilərə malik silahların ixtisaslaşmış beynəlxalq sərgilərdə nümayiş etdirilməsi də ənənə halını alıb. Belə sərgilərdə bir tərəfdən dünyada silah istehsalında müasir trendlərin öyrənilməsi üçün fürsətlər yaranır, digər tərəfdən isə məhsullarımızın beynəlxalq səviyyədə təqdimatı həyata keçirlir, yeni satış müqavilələri imzalanır. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycanın müdaafiə sənayesi müəssisələrinin məhsulları uğurla nümayiş etdirilib. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendində Azərbaycanın istehsal etdiyi atıcı silahlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, optik nişangah və cihazlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 100-ə yaxın müdafiə təyinatlı məmulat nümayiş etdirilib. Bütövlükdə, beynəlxalq sərgiyə 132 mindən çox ziyarətçi qatılıb.

Eyni zamanda, Azərbaycanın özü də dünyanın bir sıra qabaqcıl şirkətlərinin məhsullarınlın nümayiş etdirildiyi sərgilər keçirir. Məsələn, ölkəmizdə baş tutan “ADEX-2024”də -  5-ci yubiley sərgisində dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edib. “ADEX”-in qısa müddətdə keçdiyi yol kifayət qədər uğurlu olub. Tam əminliklə deyə bilərik ki, paytaxtımızda keçirilən bu tədbir artıq beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında mühüm rol oynayır. Yubiley sərgisinin iştirakçıları arasında Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorlarının aparıcı şirkətləri yer alıb. Macarıstan, Rumıniya və Sinqapurdan olan şirkətlər sərgiyə ilk dəfə qatılıb. 12 ölkə sərgidə milli stendləri ilə iştirak edib. İtaliya, Macarıstan, Qətər Dövləti və Slovakiya sərgiyə ilk dəfə milli stendlərlə gəliblər.  Bir çox ölkələr isə öz milli ekspozisiyalarının sahələrini böyüdüblər. Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır.    

Mübariz ABDULLAYEV

Seçilən
31
yeniazerbaycan.com

1Mənbələr