AZ

Keçmişin yay evi, bu günün tarixi - “Ulduz” filminin çəkildiyi tarixi məkan FOTO

Astara, 15 yanvar, İlkin Adıyev, AZƏRTAC

Cənub bölgəsində bir vaxtlar həm yayda istirahət yeri, həm də kənd sakinlərinin bir araya gələrək söhbət etdiyi ictimai məkan kimi tanınan ləmlər tarixə çevrilməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ləmlər Lənkəran-Astara bölgəsində geniş yayılmış özünəməxsus tikililər hesab olunub. Yerli əhəmiyyətli memarlıq abidəsi olan bu tiklilərin birinci mərtəbəsindən istirahət yeri kimi, ikinci mərtəbəsində isə istidən qorunmaq üçün istifadə ediblər.

Astaranın Ərçivan kəndinin 80 yaşlı sakini Kərim Zeynalov bildirir ki, əvvəllər bu ərazilərdə ləm çox olub. Onun sözlərinə görə, insanlar ərazidə buğda, arpa və düyü əkər, əkin mövsümündə isə istirahət etmək üçün bu məkanlara gələr, gecələyər və dincələrdilər.

Cənub bölgəsində XVIII əsrdən etibarən müxtəlif ərazilərdə tikilən ləmlər əsasən iki mərtəbədən ibarət olub. Bu tikililərin bünövrəsi qırmızı kərpicdən tikilib ki, bu da qış aylarında yağıntı sularına qarşı davamlılığı təmin edib. Üst hissələri isə əsasən ağac materiallardan qurulub.

Kənd sakini Əsədulla Musayev qeyd edir ki, ləmlərin inşasında sementdən istifadə olunmayıb. Onun sözlərinə görə, tikililər dövrün imkanlarına uyğun olaraq qum və yumurta sarısının qarışığı ilə inşa edilib. Həmin materiallar tikililərə xüsusi möhkəmlik verib: “Babam bu ləmi yayın istisindən qorunmaq və istirahət etmək üçün inşa etmişdi. Buna biz tərəfdə yay evi də deyirlər. Ləmin damı ilk əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və ya qamışla örtülmüşdü. Sonralar qamışı kirəmit əvəzlədi. Ləmi tikən ustalar elə hesablayıblar ki, burada daim hava axını olur”.

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Ulduz” bədii filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsi də məhz bu ləmdə düz 63 il öncə lentə alınıb.

“Bir vaxtlar bu ləmdə “Ulduz” filminin bəzi epizodları lentə alınıb. Mən o zaman uşaq idim, 11 yaşım vardı. Çəkilişlər gedən günlərdə demək olar ki, hər an burada olurdum, filmin heyətinə əlimdən gələn köməyi edirdim. O dövrdə bu ləmlər təkcə əkin sahəsi üçün yox, həm də insanların bir araya gəldiyi, həyatın qaynadığı məkanlar idi. Çəkilişlər zamanı bura daha da canlanmışdı, kənd camaatı maraqla prosesi izləyirdi. Bu gün baxanda həmin günlər mənim üçün unudulmaz xatirələr kimi qalır və bu ləmlərin tarixinin nə qədər dəyərli olduğunu bir daha xatırladır” - deyə Ə.Musayev bildirir.

Əsədulla kişi, həmçinin vurğulayır ki, zaman keçdikcə ləmlərdə müəyyən aşınmalar müşahidə olunur. Onun sözlərinə görə, bu tikililər uzun illərin təsiri altında tədricən köhnəlir. Ləm sahibi qeyd edir ki, kənd sakinləri ləmlərin qorunub saxlanılmasında maraqlıdır, lakin öz imkanları hesabına hər hansı təmir işləri aparmaq mümkün olmur. O ümid edir ki, gələcəkdə müvafiq qaydada görüləcək bərpa tədbirləri bu tarixi tikililərin daha uzun müddət qorunmasına şərait yaradar.

Bi tikililərin təmiri ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli ilə əlaqə saxladıq. O bildirdi ki, ləm yay istirahət yeri kimi tarixən daha çox ölkəmizin cənub rayonlarında inşa edilib. Bu tikililərin günümüzə gəlib çatan nümunələri yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır, həmçinin ləmlər xüsusi mülkiyyətdədir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq, xüsusi mülkiyyətdə olan tarixi abidələrin bərpası onların mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bu zaman müvafiq bərpa layihəsi Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilməlidir.

Bir zamanlar insanların ən çox ünsiyyətdə olduğu bu məkanlar bu gün artıq nadir tarixi nümunələr kimi qalmaqdadır. Hazırda Astara rayonunun bir neçə kəndində 10-a yaxın belə ləm qorunub saxlanılır və onlar bölgənin keçmiş həyat tərzini əks etdirən dəyərli irs nümunələri hesab olunur.

Seçilən
76
azertag.az

1Mənbələr