“Azərbaycanda cəza çəkən erməni cinayətkarları Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistan və Azərbaycan arasında gedən sülh danışıqları, eyni zamanda Ermənistanın müraciətləri də nəzərə alınaraq təhvil verilib. Gələcəkdə münasibətlərdə yumşalma, sülh müqaviləsinin reallaşması üçün bu cür addımların atılması gözləniləndir. Onsuz onlar öz cəzalarını qanuni şəkildə çəkirlər və çəkəcəklər. Azərbaycan hökumətinin bu addımını mənfi qarşılayanlar da var. Təbii ki, dövlətin apardığı siyasət hisslərlə həyata keçirilmir. Azərbaycanın dövlət siyasəti qanunlara, beynəlxalq hüquqa əsaslanaraq həyata keçirilir. Buna görə də ermənilərin təhvil verilməsi tam düzgün və Azərbaycanın apardığı humanizm siyasəti baxımından müsbət addımdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat xatırladıb ki, Vətən müharibəsində Qarabağ torpaqları azad ediləndən sonra Xankəndi və ətraf torpaqlarımız anti-terror əməliyyatları nəticəsində qeyri-qanuni hərbi-cinayətkar birləşmələrdən təmizlənib: “Həmin uğurlu əməliyyatların nəticəsidir ki, uzun müddətdir, Azərbaycanda erməni cinayətkarlarının əməlləri ilə bağlı məhkəmə prosesi gedir. Bu proseslər Azərbaycanın demokratik, ədalətli, ən əsası hüquqi dövlət olduğunu bütün dünyaya sübut edir”, - deputat bildirib.
Aytəkin Qardaşova