Ankara, 15 yanvar, AZƏRTAC
Orta Dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi İraqın Bəsrə şəhərindən gələn “İnkişaf Yolu” layihəsi ilə birlikdə qlobal ticarət yollarında baş verə biləcək böhranların səbəb olacağı geoiqtisadi risklərin qarşısını almaqda Türkiyəyə mühüm təsir göstərəcək. Bu, Ankaranın geosiyasi arenadakı mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, türkiyəli ekspert Bülent Erandaç bu barədə “Yeni Asır” qəzetində yazıb.
Ekspert Avropa ilə Asiya arasında yükdaşıma müddətini əhəmiyyətli dərəcədə azaldan Orta Dəhlizin üstünlüklərinə diqqət çəkib. “Zəngəzur dəhlizi və “İnkişaf Yolu”nun açılması ilə Türkiyə dəmir yolu şəbəkəsi vasitəsilə 21 ölkəyə çıxış əldə edəcək. Analitiklər Çin və Avropa ölkələri arasında yük daşımalarının ən azı 30 faizinin tezliklə dəmir yolu ilə həyata keçiriləcəyini proqnozlaşdırırlar. Məqalənin müəllifi Zəngəzur dəhlizini “Türkiyə üçün xüsusi əhəmiyyətli meqalayihə” adlandıraraq bildirib: “Zəngəzur dəhlizi ilə birbaşa daşınan yüklərin həcmi 75 milyard dollara çatacaq”.
Bülent Erandaç Orta Dəhlizin və “İnkişaf Yolu” layihəsinin qlobal ticarətdə gələcəyin dəhlizlərinə çevriləcəyinə əminliyini ifadə edib.
Ekspert dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun inkişaf etdirilməsi səylərini də vurğulayıb.
B. Erandaç Azərbaycan və Türkiyə prezidentlərinin regionun inkişaf perspektivləri ilə bağlı sitatlarına istinadla yazır: “Zəngəzur dəhlizi növbəti 50 ildə qlobal logistikada yüksələn bir trend olacaq”.
Müəllif, həmçinin ötən il Vaşinqtonda keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşünün Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və kommunikasiyaların bərpası üçün əhəmiyyətinə də diqqət çəkib.
Ramil Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara