AZ

Rusiyada Yusif Xəlilovun məşhur restoranı SÖKÜLÜR

Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus "Yardi Superbar" restoran kompleksi ətrafında gərginlik pik həddə çatıb.

Modern.az xəbər verir ki, yerli hakimiyyət orqanları illərlə fəaliyyət göstərən restoranı qəfil qanunsuz tikili kimi qiymətləndirərək obyektin sökülməsi prosesinə hazırlaşır.

Şəhər meriyası Alekseevski bazarının sahibi, azərbaycanlı iş adamı Yusif Xəlilovun "Yardi Superbar" restoran kompleksinin sökülməsini tələb edir.

Məlumata görə, mübahisə obyekti olan ərazidə ilkin layihə üzrə 400 kvadratmetrlik yaşayış binasının tikintisi planlaşdırılsa da, faktiki olaraq orada 1700 kvadratmetr sahəsi olan nəhəng restoran kompleksi ucaldılıb. Arbitraj məhkəməsi artıq tikintini qanunsuz elan edib və obyektin sökülməsi barədə qərar çıxarıb.

Vəziyyəti çətinləşdirən əsas məqam odur ki, obyektin qanuniləşdirilməsi imkanları rədd edilir və söküntü prosesində israrlı mövqe nümayiş olunur. Mülkiyyətin bu dərəcədə sərt üsullarla hədəfə alınması və azərbaycanlı faktorunun qabardılması, bölgədəki azərbaycanlı iş adamlarına qarşı repressiv mühitin artdığını göstərir.

Xatırladaq ki, restoranın sahibləri arasında adı hallanan azərbaycanlı iş adamı Yusif Xəlilov ötən ilin avqustunda rüşvət ittihamı ilə həbs edilmişdi. Həmin ilin oktyabrında o, azadlığa buraxılmışdı. Hazırda sahibkarın Azərbaycanda olduğu bildirilir.

Kərim RUTULLU

Seçilən
6
3
modern.az

4Mənbələr