AZ

“İranda xaos Azərbaycanın qapısına dayana bilər”- Deputatdan CİDDİ XƏBƏRDARLIQ

İranda son günlər müşahidə olunan genişmiqyaslı etiraz aksiyaları region ölkələrində ciddi narahatlıq doğurur. Xüsusilə bu proseslərin mümkün nəticələri Azərbaycan üçün həm humanitar, həm də təhlükəsizlik baxımından diqqətlə izlənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında mövcud vəziyyətin səbəbləri və riskləri barədə fikirlərini bölüşüb.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bildirib ki, İranda etiraz mitinqlərinin miqyasının daha da böyüməsi 46 illik antibəşəri, antiislami və antiinsani molla rejiminin “fəaliyyətinin” nəticəsidir:

“21-ci əsrdə orta əsrlərə məxsus təfəkkürlə, vəhşi metodlarla dövləti idarə etmək olmaz. Yeni gələn nəsillər artıq geri zəkalı mollaların uydurduqları nağıllara inanmır, normal yaşamaq, minimum ehtiyaclarını ödəmək istəyirlər. İranda vəziyyətin gərginləşməsi region ölkələri üçün, xüsusilə Azərbaycan üçün konkret risklər yaradır. Nəzərə almaq lazımdır ki, bu ölkədə müxtəlif hesablamalara görə 30–35 milyon soydaşımız yaşayır. Təbii olaraq, onların taleyi hər birimizi narahat edir və buna soyuqqanlı yanaşmamız mümkün deyil. Allah eləməmiş, İran kütləvi şəkildə bombardmana məruz qalarsa, güneylilərdən bir milyonunun ölkəmizə pənah gətirməsi bizim üçün sosial fəlakət deməkdir”.

Millət vəkilinin sözlərinə görə, hökumətin dəqiq uzaqgörənliklə şimaldan və cənubdan quru sərhədlərin bağlı saxlanılması barədə qərarı hazırkı şəraitdə özünü tam doğruldur:

“Ancaq hər bir müharibə özünəməxsus spesifik xüsusiyyətləri ilə seçilir. Gözlənilməz sürprizlər baş verə bilər. Heç kim zəmanət verə bilməz ki, fövqəladə vəziyyət yaranarsa, sərhədlərimiz tam toxunulmaz olacaq. Qarşıdurmanın və xaosun uzanması ilk növbədə yeni qanların tökülməsi, minlərlə ailənin faciəsi, eyni zamanda İran molla rejiminin süqutu və dövlətin çöküşü deməkdir. Hətta hadisələr idarəolunmaz hala gələrək İranın parçalanmasına da gətirib çıxara bilər. Baxmayaraq ki, İranın parçalanmasında qlobal güclərin heç biri maraqlı deyil”.

Deputat qeyd edib ki, paradoksal səslənsə də, molla rejiminin xaricdən təyin olunmuş hansısa marionet qüvvə ilə əvəzlənməsi Azərbaycanın maraqlarına uyğun deyil:

“Bu baş verərsə, Venesueladan sonra İran kimi zəngin bir ölkənin təbii resurslarının konkret qüvvələrin əlində cəmlənməsi iqtisadiyyatımız üçün ciddi təhdid yarada bilər. Eyni zamanda Orta Dəhlizin əsas hissəsinin İran ərazisindən keçməsi də əlavə problemlər formalaşdırar”.

Nəsib Məhəməliyev hesab edir ki, vəziyyətdən çıxış yolu İran rəhbərliyinin real addımlar atmasından keçir:

“Yaxşı olardı ki, İranın dini lideri Xamenei reallıq hissini itirməsin, etirazçıların edam edilməsini dayandırsın, analoqu olmayan paralel idarəçilik sistemindən imtina etsin və hakimiyyəti xalq tərəfindən seçilmiş legitim prezident Məsud Pezeşkiana təhvil versin. Bu gün bunlar təcili şəkildə edilməzsə, sabah gec olacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr