ain.az bildirir, GlobalInfo portalına istinadən.
İranda baş verən etirazlar fonunda onlarla iranlı ölkəni tərk edərək Türkiyəyə yollanmağa başlayıb. “Röyters” agentliyinin məlumatına görə, iranlı ailələr Van vilayətindəki Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə qardaş ölkəyə daxil olub.
Bəs Azərbaycana köçən, Bakı və digər şəhərlərdə ev alaraq yaşayan iranlılar varmı?
Globalinfo.az-a danışan politoloq və diplomat Fikrət Sadıqov bildirib ki, iranlıların digər ölkələrə köçməsi istisna deyil.
O qeyd edib ki, o cümlədən Türkiyə, bəzi ərəb ölkələri və Azərbaycan da hədəf ola bilər:
“Hazırda Türkiyəyə keçmək istəyən iranlıların sayı çox deyil və bu, kütləvi xarakter daşımır. Türkiyə rəsmiləri də bunu təsdiqləyir. Azərbaycana keçid isə quru sərhədlərin bağlı olması səbəbindən daha mürəkkəbdir. Bunun üçün müəyyən məsələlər həll edilməlidir və bu, asan deyil”.
Fikrət Sadıqov
Ekspert əlavə edib ki, gələcəkdə vəziyyət İran daxilindəki siyasi və hərbi gedişlərdən asılı olacaq:
“Əgər ABŞ və İsrail İrana zərbə endirərsə və uzunmüddətli münaqişə yaranarsa, iranlıların digər ölkələrə getməsi qaçılmaz ola bilər. Lakin ABŞ Prezidenti Donald Tramp da bildirdi ki, hazırda Vaşinqton uzunmüddətli müharibə aparmaq niyyətində deyil, yalnız müəyyən nöqtələrə zərbə vurmağı planlaşdırır. Bu isə zaman alacaq”.
Diplomat həmçinin qeyd edib ki, Azərbaycan sərhəddə hazırlıq işləri aparmalıdır:
“Qaçqınlar arasında azərbaycanlılar da ola bilər. Fors-major vəziyyət yarandığı halda, rəsmi Bakı adekvat addımlar atacaq”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.