Rusiya kasıb ölkələrdən olan əcnəbiləri cəlbedici qadınlar vasitəsilə ordunun sıralarına cəlb edir.
Herbiand.az bildirir ki, bu barədə BBC-nin araşdırmasında qeyd edilib.
Nəşr Ukraynaya qarşı müharibəyə bir qadın vasitəsilə düşən suriyalının hekayəsini yazıb. O, 9 aydır döyüşdüyünü, orduya isə Polina Aleksandrovna Azarnıx adlı bir qadının vasitəsilə yazıldığını deyib. Qadın ona gəlirli iş və Rusiya vətəndaşlığını vəd edib. Polina 3000 dollar müqabilində ona Rusiya ordusunun arxasında vəzifə söz verib. Lakin suriyalı vətəndaş Rusiya ordusuna qoşulduqdan cəmi 10 gün sonra döyüşə göndərildiyi üçün pul ödəməkdən imtina edib. Bunun əvəzinə, qadın onun pasportunu yandırıb və ona video göndərib. Əcnəbi şəxs döyüşməkdən imtina etməyə çalışdığını, lakin komandirlərin onu öldürməklə və ya həbs etməklə hədələdiyini iddia edib.
BBC, 40 yaşlı keçmiş müəllim Azarnıxın əksər hallarda kasıb ölkələrdən olan gənc kişiləri Rusiya ordusuna cəlb etmək üçün Telegram kanalından necə istifadə etdiyini aşkar edib. Gülümsəyən video mesajlarında və nikbin paylaşımlarında keçmiş müəllim hərbi xidmət üçün bir illik müqavilələr təklif edir.
Nəşr təxminən bu kimi 500 hal aşkar edib. Suriyadan əlavə Misir və Yəməndən olan kişilər də belə yollarla orduya cəlb edilir.
“Rusiya ordusuna neçə əcnəbinin qoşulduğunu müəyyən etmək çətindir. Ölən və yaralanan əcnəbilərin sayını araşdıran BBC təhlili göstərir ki, ən azı 20000 nəfər, xüsusən Kuba, Nepal və Şimali Koreya kimi ölkələrdən qoşulub”, - nəşrdə qeyd edilib.
Bəxtiyar CƏFƏRLİ