AZ

“Azərşəkər"in rəhbəri və iş adamlarının məhkəməsi başladı

BAKI, 15 yanvar. TELEQRAF

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla yanaşı Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili prosesdə iştirak etməyib.

Buna görə də proses yanvarın 21-ə təxirə salınıb.

İttihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər.

Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyib. Bunun səbəbi isə ibtidai istintaq mərhələsində prokurorluq tərəfindən 800 min manatlıq ziyanın Anar Mehdiyev və digərlərinə tam ödətdirilməsidir.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. Həmçinin o, nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.
Anar Mehdiyevlə birgə məsuliyyətə cəlb edilən və barəsində cinayət işi açılan Ruslan Ələsgərov da tanınmış iş adamıdır.
O, “Gilan Pivot” MMC-nin rəhbəridir. Bir müddət əvvəl Anar Mehdiyevin rəhbərlik etdiyi şirkətlə R.Ələsgərovun şirkəti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Şirkət əsasən kənd təsərrüfatı üçün pivot suvarma sistemlərinin satışı və quraşdırılması ilə məşğuldur.
Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.

Seçilən
38
teleqraf.com

1Mənbələr